Avropa Şurasının Baş katibi Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılmasını «Avropa və bütün dünya üçün zərbə» kimi qiymətləndirir.
«Azərbaycanın işğal olunmuş ərazilərində tarixi abidələrin dağıdılması təkcə Azərbaycan üçün deyil, həm də Avropa və bütün dünya üçün zərbədir», – deyə çərşənbə axşamı Bakıda Avropa Şurasının (AŞ) Baş katibi Terri Devis bildirib. Avropa Şurasının Baş katibi AŞ Parlament Assambleyasının (AŞ PA) mədəniyyət və mədəni irs üzrə missiyasının Azərbaycana və Ermənistana səfərinin yubadılması məsələsi ilə bağlı təəssüfünü bildirib. Azərbaycan AŞ PA qarşısında ölkənin bu regionlarda qalan tarixi və mədəni abidələrinin öyrənilməsi məqsədi ilə təşkilatın mədəni irs missiyasının işğal olunmuş ərazilərə göndərilməsi təşəbbüsü ilə çıxış edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 – ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
«Hər iki tərəfdə bu mövzu ilə bağlı fikir ayrılığı mövcuddur», – deyə Baş katib bildirib.
Avropa Şurası, missiyanın tarixi və mədəni abidələrin vəziyyəti ilə tanış olması mövqeyindən çıxış edir.
«Azərbaycan AŞ PA-nın (AŞ PA) mədəni irs missiyasının işğal olunmuş ərazilərə Azərbaycandan getməsini təkid edir, çünki bu ərazilər ölkənin tərkib hissəsidir», – deyə əvvəllər jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazir, rəsmi Bakının missiyanın eyni zamanda və eyni tərkibdə səfər etməsini israr etdiyini bildirir. Bu, Azərbaycan tərəfinin mütləq şərtidir.
Azərbaycan məhv edilən və dağıntıya məruz qalan abidələrin siyahısını artıq missiyaya təqdim edib. «Ermənistan başqa siyahı təklif edir. Azərbaycan ərazisində erməni abidələrinin dağıdılmasına dair faktlar yoxdur. Biz hər iki siyahının yoxlanılmasını istəyirik», – deyə nazir bildirib.
AŞ-nın Baş katibi çərşənbə axşamı Azərbaycan paytaxtında keçirilən Avropa ölkələrinin mədəniyyət nazirlərinin Bakı konfransında Ermənistan tərəfinin iştirak etməməsi ilə bağlı təəssüfünü ifadə edib. «Mən Ermənistan Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin konfransda iştirakdan imtina etməsinə çox təəssüflənirəm. Bununla onlar Azərbaycan ilə dialoqdan məhrum olublar. Regionda dialoq olduqca mühümdür. Prezidentlər arasında dialoq vacibdir, lakin xalqlar arasında da dialoqa zərurət var», – deyə Baş katibi bildirib.