Noyabrın 28-də Baş Prokurorluqda kollegiya iclası keçirilib. Lent.az-ın məlumatına görə, toplantı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xidməti fəaliyyətlərində ərqləndiklərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim olunması və dövlət başçısının 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrə həsr olunub.
Baş prokuror Zakir Qaralov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Respublika hərbi prokuroru – baş prokurorun müavini Xanlar Vəliyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Səbail rayon prokuroru Şirxan Adıgözəlov kollegiyada çıxış edərək, onların xidmətlərinin dövlət səviyyəsində qiymətləndirildiyinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
İkinci məsələ ilə əlaqədar baş prokuror Zakir Qaralov bildirib ki, dövlət başçısı İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” prokurorluğun tarixində yeni təkmilləşmə və inkişaf dövrünün əsasını qoyub.
Müstəsna əhəmiyyətə malik olan Dövlət Proqramı ilə qarşıdan gələn 3 il ərzində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun müasirləşdirilməsi, maddi-texniki təminatının yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində konkret vəziflər müəyyənləşdirilib.
Baş prokurorun müavini və bu məsələ üzrə yaradılmış xüsusi komissiyanın rəhbəri Namiq Əsgərov Dövlət Proqramının icrası ilə əlaqədar görülmüş işlər və qarşıda duran təxirəsalınmaz vəzifələr, habelə tədbirlər planı layihəsi barədə kollegiya iştirakçılarına ətraflı məlumat verib.
Baş Prokurorluğun təşkilat-analitik idarəsinin rəisi Əzizağa Həsənov Dövlət Proqramının icrası ilə əlaqədar tədbirlər planının həyata keçirilməsi istiqamətində görüləcək işlər barədə çıxış edib.
Sonda “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Tədbirlər Planı kollegiya iclasında müzakirə edilərək təsdiq olunub.