ANDRES HERKELİN MİSSİYASI BAKIDA BƏYANAT YAYDI

Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı vəziyyəti qiymətləndirən nümayəndə heyəti Bakıda bəyanat yayıb. Bəyanatı nümayəndə heyətinin rəhbəri Andres Herkel (Estoniya), üzvlər İndrek Saar (Estoniya), Mövlud Çavuşoğlu (Türkiyə), Paul Ville (Belçika) Hakkı Keskin (Almaniya) imzalayıblar.
«Media forum»un məlumatına görə, bəyanatda deyilir ki, AŞPA-nın seçkiqabağı vəziyyəti qiymətləndirən 5 nəfərdən ibarət nümayəndə heyəti yaxşı seçkilər keçirilməsi üçün şərait yarada biləcək irəliləyişlər qeydə alıb: «Avropa Şurası Venesiya Komissiyasının irəli sürdüyü bir sıra tövsiyələr nəzərə alınıb. Lakin tövsiyələrin heç də hamısı tam şəkildə həyata keçirilməyib. Bununla belə, nümayəndə heyəti qəbul edir ki, seçki komissiyalarında bərabər təmsil olunma və ya kampaniyanın ədalətli şəkildə həyata keçirilməsi kimi bəzi mühüm məsələlər qanunun mətnindən daha çox seçki təcrübəsinə aid olan məqamlardır.
Azərbaycan tərəfinin yüksək səviyyəli rəsmiləri ifadə ediblər ki, onların məqsədi yaxşı təşkil olunmuş və yaxşı idarə olunan, Avropa standartlarına cavab verən seçkilərin keçirilməsidir. Cəmiyyətin qarşıdan gələn seçkilərə maraqsız olduğu barədə ehtimallardan narahat olan nümayəndə heyətinin qəti arzusu ondan ibarətdir ki, seçicilərin dünən başlanmış seşkiqabağı təşviqat kampaniyasına marağı getdikcə artsın.
Prezidentliyə yeddi namizədin qeydə alınması ilə plüralist seçim və rəqabət şəraitinin təmin olunacağı gözlənilsə də, beş müxalif partiyanın seçkilərdə iştirak etməmək barədə qərarı bu seçkilərin ən uğursuz cəhətidir. Belə ki, əgər hətta siyasi partiya və onun liderləri seçki yolu ilə hakimiyyətə gəlmək üçün real imkanların mövcud olduğunu görmürlərsə və ya demokratik hüquqlarının məhdudlaşdırıldığı və ya pozulduğu qənaətindədirlərsə, yenə də öz ardıcıllarının maraqları naminə seçki marafonunda iştirak etməlidirlər. Bu baxımdan nümayəndə heyəti seçkidə iştirak etməyən partiyalar da daxil olmaqla bütün siyasi qüvvələri təcili olaraq məsuliyyətli davranmağa və öz aralarında əsaslı dialoqda iştirak etməyə çağırır».
Nümayəndə heyəti Bakıda sentyabrın 16-dan 18-nə kimi Milli Məclis sədrinin dəvəti ilə olub. Missiya Azərbaycan paytaxtında prezident, parlament sədri, bütün prezidentliyə namizədlər, müxalifət partiyalarının liderləri, daxili işlər və ədliyyə nazirləri, Konstitusiya Məhkəməsinin sədri, vətəndaş cəmiyyəti və media nümayəndələri, eləcə də Bakıdakı diplomatik korpusların təmsilçiləriylə görüşüblər. AŞPA-nın 30 nəfərdən ibarət tamtərkibli nümayəndə heyəti səsverməni müşahidə etmək məqsədilə oktyabr ayında Azərbaycana gələcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO