Missisipi ştatının Nümayəndələr Palatası Azərbaycan ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 21-ci ildönümünə dair qətnamə qəbul edib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, qətnamədə Azərbaycanın terrorçuluğa qarşı mübarizə, enerji təhlükəsizliyi, Əfqanıstanda NATO əməliyyatlarının həyata keçirilməsində mühüm rolu qeyd olunur, həmçinin ABŞ Prezidenti Administrasiyası bu əlaqələri daha da möhkəmləndirməyə dəvət edilir.
Qeyd edək ki, Türkiyə-Amerika Ticarət Palatasının nümayəndələri, Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbov və ABŞ-da Azərbaycanlı icmasının nümayəndəsi qismində Hyuston-Bakı Qardaşlaşmış şəhərlər Assosiasiyasının (HBSCA) prezidenti İradə Axundovanın iştirak etdiyi nümayəndə heyəti Missisipi ştatı Senatının plenar iclasında qonaq qismində iştirak edib və senat üzvləri tərəfindən salamlanıb.
Nümayəndə heyəti bir sıra Senat üzvləri və Missisipi ştatının rəsmiləri ilə görüşlər keçirib. Həmin görüşlər zamanı Azərbaycan və Türkiyə ilə Mississippi ştatı arasında münasibətlərin inkişafı perspektivləri, Azərbaycan və Türkiyənin ABŞ üçün strateji əhəmiyyəti, ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığının artırılmasının vacibliyi, həmçinin Azərbaycan, Türkiyə və Missisipi ştatı arasında əməkdaşlığın inkişafı imkanlarından söhbət açılıb.