Azərbaycanda İsrailin tibbi diaqnostika funksiyalı smartfonu satışa çıxarılacaq

İsrailin “Lifewatch” şirkəti yazda Azərbaycana tibbi sensor diaqnostikalı unikal smartfonların satışına başlayır. Bu barədə müqavilə Barselonada beynəlxalq mobil texnologiyalar sərgisində Azərbaycanın “Mobitel” şirkəti ilə İsrailin “Lifewatch” şirkəti arasında imzalanıb. Müqavilə çərçivəsində 2013-cü ilin ikinci rübündə Azərbaycana bu smartfonların tədarükünə və satışına başlanacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplun bildirib.
Dünyada analoqu olmayan bu smartfonlar istifadəçiyə sərbəst şəkildə elektrokardioqramma (ECG), şəkərdə qanın səviyyəsinin ölçülməsi, qanda oksigenin zənginliyi səviyyəsinin ölçülməsi, nəbz, hərarət və bu kimi tibbi testlər aparmağa imkan verəcək.
Son 20 il ərzində tibbi avadanlıqların hazırlanması və istehsalında ixtisaslaşmış “Lifewatch” şirkəti tarixdə ilk dəfə özünün hazırladığı tibbi sensorları mobil smartfona birləşdirib və bununla da onu əsl diaqnostik tibbi cihaza çevirib. Bununla yanaşı, aparat tamamilə müasir və qabaqcıl smartfon olaraq qalır.
“Mən bu dərəcədə vacib müqaviləni bağlamağa nail olduğumuza görə şadam. Biz onun üzərində yarım ilə yaxın işlədik. Hər iki tərəf bu nadir aparatın Azərbaycan əhalisinə təqdim olunması üçün əlindən gələni etdi. Qarşımızda duran vəzifələrdən biri Azərbaycanda mağazalarda satılacaq bu cihazın əlverişli qiymətinə nail olmaq idi. Biz buna nail olduq. Mən fəxr edirəm ki, Azərbaycan dünyada bu smartfonun insanların şəxsi istifadəsi üçün satıldığı ilk ölkə olacaq. Bizim ardımızca digərləri gəlir: ABŞ, Almaniya, İspaniya, Türkiyə və bir çox başqa ölkələr”, – Kaplun deyib.
Azərbaycanın “Mobitel” şirkətinin ilkin proqnozlarına görə, ölkəmizdə bu smartfon artıq bu ilin may-iyun aylarında satışa çıxarılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO