Azərbaycansız Gürcüstanın gələcəyi, Gürcüstan dövlətçiliyinin inkişafı mümkün deyil

Fevralın 27-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
“Mənim üçün böyük şərəfdir ki, yenidən Bakıya səfər edirəm. Gürcüstana dost ölkədə səfərdə olmaq mənim üçün çox əhəmiyyətlidir. Cənab İlham Əliyev bu gün mənə çox maraqlı söhbətlər etdi. Hesab edirəm ki, atasının layiqli davamçısı olan Azərbaycan dövlətinin başçısı öz fəaliyyətini uğurla həyata keçirir. Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Sizin fəaliyyətiniz nəticəsində Azərbaycan dövlətçiliyi gücləndirilmişdir. Bu isə ən başlıca amildir”, – Prezident Mixeil Saakaşvili bəyanatında bildirib.
O qeyd edib ki, bu gün Bakının inkişafı, ölkədə həyata keçirilən infrastruktur layihələri, eyni zamanda, Azərbaycan xalqının rifahının artırılması çox vacibdir. Çünki Azərbaycan həm regionda, həm qlobal müstəvidə vacib bir dövlətdir və bir sıra strateji təşəbbüslərin müəllifidir. İstər regionda, istər geniş Avrasiya məkanında müsbət ab-havanın yaranmasında Azərbaycanın müstəsna xidmətləri vardır. Eyni zamanda, Azərbaycan bizim müstəqilliyimizin, inkişafımızın təminatçısıdır.
“Hər birinizə öz təşəkkürümü bildirirəm, xüsusilə də cənab Prezident, Sizə. Gürcüstanda həyata keçirilmiş islahatlar barədə söylədikləriniz məni çox təsirləndirdi. Biz öz səfərlərimizi çox gözəl xatırlayırıq, Bakının küçələrini dəfələrlə gəzmişik. Bir sıra ideyalar və fikirlər məhz Azərbaycandakı səfərlərimiz nəticəsində meydana gəlmişdir. Mən ümid edirəm ki, bir gün bizim də ölkəmizdə Sizin inkişaf öz əksini tapacaqdır. Təbii ki, bu rəqabətdə biz bir balaca zəif tərəf kimi çıxış edirik. Amma mən yenə də ümid edirəm ki, inkişaf davam etdiriləcəkdir. Gürcüstanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq əminəm ki, Azərbaycanın bizim ölkə ilə dostluğu davam edəcəkdir. Gürcüstana Azərbaycandan yaxın olan dövlət tapmaq mümkün deyildir. Bu, sadəcə bəyanat, sadəcə sözlər deyildir. Son 10 il ərzində dünyada heç bir ölkə Gürcüstan üçün Azərbaycanın etdiyini etməmişdir, bizə bu qədər dəstək verməmişdir. Bizim çoxsaylı tərəfdaşlarımız, dostlarımız vardır. Ancaq heç bir ölkə Gürcüstana Azərbaycan qədər yardım etməmişdir. Bu isə, cənab Prezident, bilavasitə Sizin xidmətinizdir. Mən çox şadam ki, Gürcüstanın da Baş naziri Azərbaycana səfər etmişdir və öz gözü ilə buradakı inkişafın şahidi olmuşdur. Bu da bizə imkan verir ki, bu dostluq bundan sonra da davam etsin”, – Saakaşvili deyib.
Gürcüstan Prezidenti bildirib ki, inqilabi layihə olan Bakı-Tbilisi-Qars layihəsinin də başa çatdırılması çox vacibdir. Mən ümid edirəm ki, ilin sonunadək bu layihə başa çatdırılacaqdır. Bu, hər iki ölkə üçün tarixi bir şansdır, bizim Avropaya açılan qapımızdır, Avropa qitəsinə çıxışımızdır. Ona görə də mən ümid edirəm ki, bu layihənin həyata keçirilməsinə istənilən maneələrin törədilməsi bizim milli maraqlarımıza ziddir. Bu, bir fəlakət ola bilər. Ona görə də bu layihənin sual altına alınması bir cinayətdir. Ona görə mən hesab edirəm ki, bu layihənin heç bir alternativi yoxdur. Bunun əksi bizim milli maraqlarımıza xəyanət ola bilər. Ona görə də mən şübhə etmirəm ki, bu layihə bizim Avropaya, NATO-ya istiqamətlənmiş yolumuzdur və bu layihə sıx əməkdaşlıq şəraitində başa çatdırılacaqdır. Eyni zamanda, bizim tərəfdaşımıza və dostumuz olan Türkiyə də burada mühüm rol oynayır. Mən şübhə etmirəm ki, bu layihənin icrası başa çatdırılacaqdır.
“Bu gün Gürcüstanın iqtisadi təhlükəsizliyi Azərbaycan tərəfindən təmin edilmişdir. Bu soyuq qış aylarında Azərbaycanın fədakarlığı bizi xilas etmişdir və bu, gürcü millətinin, Gürcüstan dövlətçiliyinin bir növ xilas edilməsi olmuşdur. Bir daha vurğulamaq istərdim ki, Gürcüstanın ərazi bütövlüyü də Azərbaycan qədər heç bir ölkə tərəfindən dəstəklənməmişdir. Ərazi bütövlüyü məsələsi çox mühüm bir məsələdir. Bütün Qafqaz haqqında danışanda ərazi bütövlüyü fundamental prinsipdir və bu, başlıca əhəmiyyət daşımalıdır. Bizim bu istiqamətdə siyasətimiz aydındır”, – o deyib.
Saakaşvili qeyd edib ki, neft və qaz kəmərləri sayəsində Gürcüstanın strateji, iqtisadi əhəmiyyəti vardır və bu, bilavasitə Azərbaycanın sayəsində baş tutmuşdur.
“Təbii ki, hazırda Gürcüstanda siyasi vəziyyət mürəkkəbdir. Lakin bir daha qeyd etmək istəyirəm ki, heç bir amil Gürcüstan-Azərbaycan dostluğuna mane ola bilməz. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycansız Gürcüstanın gələcəyi, Gürcüstan dövlətçiliyinin inkişafı mümkün deyildir. Bunu bir daha xüsusi vurğulamaq istəyirəm. Məhz keçmişdə müstəqilliyimizi o səbəbdən itirmişdik ki, biz yaxından əməkdaşlıq edə bilməmişdik. Lakin son illərdə biz dostluğumuzu o qədər gücləndirmişik, o qədər güclü təməl üzərində qurmuşuq ki, artıq bu dostluq sarsılmazdır və əbədidir. Cənab Prezident, bir daha xüsusilə Sizin rolunuzu qeyd etmək istərdim. Sizin sayənizdə biz bu haqda danışa bilirik və əminəm ki, gələcək nəsillər də buna layiqli qiymət verəcəkdir. Mən buna şübhə etmirəm. Bir daha, cənab Prezident, Sizə və Azərbaycan xalqına təşəkkür edirəm. Diqqətinizə görə çox sağ olun”, – Gürcüstan Prezidenti Mixeil Saakaşvili bəyanatında bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO