RAMİZ MEHDİYEV: «KORRUPSİYA HƏMİŞƏ QARANLIĞI SEVİR»

RAMİZ MEHDİYEV: «KORRUPSİYA HƏMİŞƏ QARANLIĞI, TUTQUNLUĞU, ZÜLMƏTİ SEVİR. BU QARANLIQ MƏKANA İŞIQ SALANDA KORRUPSİYANIN GÖZLƏRİ TUTULUR»

«Korrupsiya həmişə qaranlığı, tutqunluğu, zülməti sevir. O, belə şəraitdə daha da güclənir, şaxələnir, qol-qanad açır. Bu qaranlıq məkana işıq salanda, orada şəffaf və aydın mühit təmin edəndə korrupsiyanın gözləri tutulur. Bundan sonra o, əlbəttə, özünə yeni qaranlıq yer axtarır. Ona görə də müasir dövrdə azad, şəffaf cəmiyyətin və idarəçiliyin qurulması korrupsiyanın əsas düşməninə çevrilir». Bu sözləri Prezidentin İcra Aparatının rəhbəri, Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz Mehdiyev sentyabrın 18-də Bakıda, «Gülüstan» sarayında «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti» mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxış edərkən deyib.
R.Mehdiyev bildirib ki, şəffaflıq həm də korrupsiyaya qarşı mübarizədə nəzarət orqanlarının işini asanlaşdırır: «Bu isə öz növbəsində həmin orqanların şəffaf işləməsini tələb edir. Dövlət gəlirləri və xərcləri üzərində ictimai nəzarətin gücləndirilməsi dövlət orqanlarının fəaliyyətinin səmərəli surətdə təhlil edilməsinə, qiymətləndirilməsinə və ictimai müzakirəsinə şərait yaradır, dövlət qurumlarına etimadı gücləndirir, onların məsuliyyətini artırır və nəticədə bu sahədə fəaliyyətin təkmilləşməsinə, sui-istifadə hallarının aradan qaldırılmasına gətirib çıxarır».
Çıxışında Azərbaycanı «Cənubi Qafqaz regionunun ən sabit və ən dinamik inkişaf edən ölkəsi» adlandıran R.Mehdiyev əlavə edib: «Ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə və 1 milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq iqtisadiyyatımızın həcmi, ümumi daxili məhsul 2,7 dəfə, dövlət büdcəsinin vəsaitləri 10 dəfə artıb. Yoxsulluq səviyyəsi 44 faizdən 15 faizə enib. Əhalinin rifah halının daha da yüksəldilməsi məqsədi ilə bu günlərdə ölkə prezidenti tərəfindən 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişafına dair yeni dövlət proqramı təsdiq edilib».
Prezidentin İcra Aparatının rəhbəri vurğulayıb ki, Azərbaycanda işsizlik problemi təqricən aradan qaldırılmaqdadır: «Son bir neçə ildə 700 mindən çox yeni iş yeri açılıb və yaxın zamanlarda əlavə olaraq bir neçə min yeni iş yerinin açılması gözlənilir». Çıxışında R.Mehdiyev Azərbaycanın tarazlaşdırılmış xarici siyasət və praqmatik xarici iqtisadiyyat xəttini rəhbər tutduğunu diqqətə çatdırıb: «Mühüm geoiqtisadi və geosiyasi məkan olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycanın rəhbər tutduğu tarazlaşdırılmış xarici siyasət və praqmatik xarici iqtisadiyyat xətti regionda və Avratlantik məkanda təhlükəsizliyə öz töhfəsini verməkdədir. Azərbaycan Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Avropa və Asiyanı birləşdirən TRASEKA, Bakı-Tbilisi-Qars dəmir yolu kimi enerji və nəqliyyat layihələrinin başlıca təşəbbüskarı olub, onların həyata keçirilməsində əvəzsiz rol oynayıb və oynamaqda davam edir». Konfransda Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadə, Auditorlar Palatasının sədri Vahid Novruzov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, vergilər naziri Fazil Məmmədov, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, Hesablama Palatasının sədri Heydər Əsədov, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov, Hesablama Palatasının auditoru Mehriban Alışanova, Beynəlxalq Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü Katibliyinin başçısı Conas Moberq, Polşa Mühasiblər Assosiasiyası Baş Audit Komitəsinin sədr müavini Tadeuş Pieniajek, Türkiyə Auditorlar Palatasının (TÜRMOB) sədri Mehmet Timur, Rusiya Hüquq Akademiyasının prorektoru Yuliya Kroxina, Ukrayna Auditorlar Palatasının sədri Aleksey Qaçkovski, Moldova Peşəkar Mühasiblər və Auditorlar Assosiasiyasının icraçı direktoru Marina Şelaru və və başqaları çıxış ediblər.
Sentyabrın 18-də başlayan, Azərbaycan İqtisadçılar İttifaqının və Auditorlar Palatasının təşkilatçılığı ilə keçirilən konfrans bölmə iclaslarında işini davam etdirir. Konfrans «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün fəaliyyət planının icrasını dəstəkləmək məqsədilə təşkil edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO