Serbiya Parlamentinin Konstitusiya və Hüquq məsələləri üzrə Komitəsinin sədri, Azərbaycanla Parlament dostluq qrupunun rəhbəri Vladimir Tsvian həm Komitə, həm də dostluq qrupu adından “Beynəlxalq hüquqa riayiət olunması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Qətnamə” layihəsinin parlamentin gündəliyinə daxil olunmasını təklif etmiş və layihə gündəliyə salınmışdır. Bu barədə Trend-ə Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib.
Qətnamədə bildirilir ki, 1987 – 1988 – ci illərdə başlayan Ermənistan-Azərbaycan münaqişəsi Ermənistan qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20% ərazisinin işğalı ilə nəticələnmişdir.
“Münaqişədə 30 000-ə yaxın azərbaycanlı ölmüş, 50 000-ə yaxın yaralanmış və bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqına çevrilmişlər. Hazırda Dağlıq Qarabağ regionu və ətraf yeddi inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) Ermənistan Respublikasının silahlı qüvvələrinin nəzarəti altındadır. Münaqişə zamanı ən faciəvi hadisə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş müsibətdir. O zaman 106 qadın, 63 uşaq və 70 qoca olmaqla, 613 mülki şəxs zərər çəkmişdir. Beynəlxalq müşahidəçilər bu faciə ilə bağlı erməni silahlı qüvvələrinin məsuliyyət daşıdığını qeyd edirlər”, – sənəddə deyilir.
Serbiya parlamenti yuxarıda qeyd olunanları nəzərə alaraq, qərara alıb ki, parlament Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü, sərhədlərinin toxunulmamazlığını və suverenliyini dəstəkləyir, mülki əhaliyə qarşı yönəlmiş bütün zorakılıq aktlarını pisləyir, həmçinin Xocalı hadisələrinə eyni şəkildə yanaşır və pisləyir.
“Milli Parlament münaqişənin bütün tərəflərindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların, xüsusilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin öhdəliklərinin yerinə yetirilməsini, münaqişənin sülh yolu ilə həllinin tapılması məqsədi ilə danışıqlar prosesinə başlanmasını və insan hüquqlarının və qaçqınların öz yurdlarına qayıtmasının tam təmin olunmasını tələb edir”, – qətnamədə deyilir.