Mark Almond: “Qarabağ münaqişəsi Qafqazda sabitlik baxımından daha təhlükəlidir”

QAFQAZ ÜZRƏ EKSPERT HESAB EDİR Kİ, HƏR İKİ TƏRƏFƏ GÜZƏŞTƏ GETMƏK ASAN DEYİLMark Almond: "Qarabağ münaqişəsi Qafqazda sabitlik baxımından daha təhlükəlidir"“Dağlıq Qarabağ münaqişəsi ətrafında son həftələrdə cərəyan edən diplomatik fəallıq Qərb institutlarının diqqətini nizamlama prosesinə cəmləşdirib. Münaqişə tərəfləri və vasitəçilər qarşıdakı aylarda da bir sıra yüksək səviyyəli görüşlərə hazırlaşırlar. Bir sıra Qərb təhlilçilərinə görə, əslində indi baş verənlər sülh prosesində reallıqdan uzaq təəssürat yaradıb”. Bu barədə Londondakı Oksford Universitetinin professoru, Qafqaz üzrə mütəxəssis Mark Almond Qarabağ nizamlaması ətrafında son vəziyyətlə bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib. M.Almond deyib ki, hazırda Qarabağ nizamlaması ətrafında cərəyan edən proseslərə Azərbaycan və Ermənistana verilmiş bir sınaq dövrü kimi baxılmalıdır: “Problem ondan ibarətdir ki, son razılaşma əldə olunmayana qədər hadisələr istənilən istiqamət ala bilər. Yerlərdə praktiki məsələlərinin həlli ilə bağlı belə təhlükə mövcuddur”.
Ekspert hesab edir ki, indi müxtəlif istiqamətlərdən – Rusiyadan, Türkiyədən və hətta İrandan gələn sülh təklifləri əslində proses ətrafında beynəlxalq çəkişmələrin bariz sübutudur: “Aydın görünür ki, Gürcüstandakı müharibədən sonra Qarabağ münaqişəsi ətrafında vəziyyət dəyişib. Xüsusən də, Türkiyənin son addımları bölgədəki mühiti dəyişib. Amma problem budur ki, Ankara məhz Gürcüstan olayları nəticəsində verdiyi iqtisadi itkilərə görə, yeni sülh təşəbbüsü ilə çıxış edib. Bölgədə tərəflərin maraqlarını tutuşdurmaq isə olduqca çətin bir məsələdir. Məsələn, Türkiyə ilə sərhədlərin açılması Ermənistanı qane edə bilər, amma Dağlıq Qarabağda buna fərqli münasibət bəslənilir. Bakıda Ankara ilə Yerevanın yaxınlaşması birmənalı qarşılanmayıb. Tərəflər kəskin qaçqın problemini çözə bilməyib. Bu kimi praktiki məsələlər əngələ çevrilib”.
M.Almondun fikrincə, bütün bunlara baxmayaraq, danışıqlarda irəliləyiş nəzərə çarpır: “Azərbaycanla Ermənistan nizamlama ilə bağlı bəyanat imzalayıb”.
“Sizcə, bu, Qarabağ danışıqlarında yeni mərhələ sayıla bilərmi” sualına Mark Almondun cavabı belə olub: “Bunu demək bir qədər tezdir, çünki hər iki cəmiyyətdə mümkün güzəştlərə güclü müqavimət var. Bu, elə bir mərhələdir ki, danışıqlar prosesi qəfildən real bir prosesə çevrilib. Buna görə də səmimi olmaq mərhələsi gəlib çatıb – tərəflər aydın mövqe bildirməlidirlər ki, doğrudan da sülhün əldə olunmasını istəyirlər, yoxsa onlar status-kvo vəziyyətində özlərini daha rahat hiss edirlər”.
Ekspert deyib ki, Azərbaycan öz davranışları ilə vasitəçilər arasında seçim etmək istəmədiyini göstərir.
“Bu, əslində düz yoldur çünki, məsələn, Rusiyanın Azərbaycan və Ermənistana olan münasibəti Gürcüstana olan münasibətindən fərqlidir. Gürcüstandan fərqli olaraq, Azərbaycan və Ermənistan balanslı xarici siyasət yürüdür, həm Rusiya ilə normal əlaqələri var, həm də Qərblə əməkdaşlıq edir. Buna görə də indi Moskvada münaqişənin həllini istəyənlər istəməyənlərdən daha çoxdur”.
Onun sözlərinə görə, həmişəki kimi, indi də hər iki tərəfə güzəştə getmək asan deyil: “Amma istənilən halda Qərblə Rusiyanın münasibətləri Qarabağ problemi kölgəsində qalır. Qarabağ məsələsi Qafqazda sabitlik baxımından daha təhlükəlidir. Siyasi dairələr və liderlər son zamanlar bu mövzu ətrafında qızğın mübahisələrə qatılıb. Beynəlxalq səviyyədə tərəflər razılığa gəlsələr də, bu razılığı əhaliyə təqdim etmək müşkül görünə bilər. Xüsusilə də Ermənistanda. Burada razılıq nüfuzlu Ermənistan və Qarabağ elitaları tərəfindən qəbul edilməlidir. Eyni zamanda, bütün bunlara baxmayaraq, diplomatik təmaslara son qoyulmamalıdır. Çünki hər kəs başa düşür ki, münaqişə sənin düşündüyündən fərqli şəkildə yaranır. Hamı anlayır ki, Cənubi Osetiya münaqişəsi Qarabağda mümkün münaqişədən daha kiçikdir. Bu, sanki hərbi yoldan danışanları ayıldıb” (“Turan”).

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO