Bu gün Bakı Apelyasiya Məhkəməsinin yeni korpusunun açılışı olub. Lent.az-ın xəbərinə görə, tədbirdə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və digər vəzifəli şəxslər qatılıblar. 3 mərtəbəli yeni bina 15 məhkəmə zalından ibarətdir. Müasir standartlara uyğun inşa edilmiş binada geniş iclas zalları yaradılıb, qabaqcıl elektron informasiya texnologiyaları ilə təmin edilib, proses iştirakçılarının hüquq və vəzifələri ilə tanış olmaları üçün monitorlar yerləşdirilib, vəkil və prokurorların fəaliyyəti, vətəndaşların rahatlığı üçün şərait yaradılıb. Açılış mərasimində çıxış edən Fikrət Məmmədov Bakı Apelyasiya Məhkəməsinin ölkənin ən böyük məhkəməsi olduğunu xatırladıb. O deyib ki, nə qədər şərait yaradılmasına baxmayaraq, mühakimənin ədalətli olması hakimlərdən asılıdır. Qeyd edək ki, bu il noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramının 90-cı ildönümüdür.