“Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə əməkdaşlığı ilə gerçəkləşdirilən “Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi” layihəsinin təqdimat mərasimi keçirilib.
Layihənin məqsədi qadınların hüquqları, sosial və iqtisadi səlahiyyətlərinin qorunması və təşviq edilməsi eləcə də qadınlara qarşı zorakılıq edilməsi ilə mübarizəni dəstəkləməkdir.
Layihə çərçivəsində qadınların sosial iqtisadi potensiallarının genişləndirilməsi, ailədaxili zorakılığın qurbanları üçün istinad mexanizminin gücləndirilməsi və cəmiyyətdə gender məlumatlılığının artırılması vasitəsilə qadınlara qarşı ailədaxili zorakılığın qarşısını almaq istiqamətində hökumətin cəhdlərinə yardım göstərilməsi nəzərdə tutulur.
Təqdimat mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova bildirib ki, bu istiqamətdə nə qədər çox işlər görülsə də, əfsuslar ki, cəmiyyətin dəstəyə çox böyük ehtiyacı var.
Bu layihəni isə çox müsbət qiymətləndirən komitə sədri digər qeyri-hökumət təşklatlarını da öz təşəbbüslərini göstərməyə səsləyən komitə sədrinin fikrincə, bu, çox gözəl nümunədir və onun nəticəsini yaxın zamanlarda görmək mümkün olacaq.
“Erkən nikah da məişət zorakılığının bir halıdır. Bir çox rayonlarda biz bunun qarşısını ala bildik”, Hüseynova qeyd edib.
Komitə sədri bütün cəmiyyətə komitə ilə əməkdaşlıq etməyə və bu sahədə dəstək olmağa çağırış etdi.