Komitə Rafiq Həsənovun ailəsi ilə konfidensial dialoq aparır
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova erməni tərəfdə əsir saxlanılan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Rafiq Rəhman oğlu Həsənovun qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı T.Vandenhova yazdığı məktuba cavab alıb. Ombudsman Araratının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, BQXK Azərbaycandakı nümayəndəliyinin başçısı cavab məktubunda əsgər R.Həsənovun vəziyyəti ilə bağlı narahatlıq keçirdiyi üçün Azərbaycan Ombudsmanına təşəkkür edib, bu qurumun hərbi əsirin saxlanma şəraitini və onunla necə rəftar olunduğunu monitorinq etdiyi, bundan əlavə, ailə üzvləri ilə əsgər arasında məlumat mübadiləsinə yardım göstərdiyi qeyd olunub. BQXK-nın bu məsələ ilə əlaqədar R.Həsənovun ailəsi ilə konfidensial dialoq arardığı və bu işi davam etdirdiyi bildirilib. “Əgər müraciət olunarsa, BQXK azad edilmiş hərbi əsirlərin və mülki saxlanılanların repatriasiyasını və ya təhvil verilməsini təşkil etmək üçün bütün tərəflərin müraciətinə əsasən və onlarla tam əməkdaşlıq şəraitində hökumət orqanlarına yardım göstərir. Bununla yanaşı, BQXK əməliyyata yardım göstərməyə razılıq verməzdən əvvəl evinə öz arzusu ilə qaytarıldığına əmin olmaq üçün aidiyyatı olan saxlanılmış şəxslə fərdi qaydada söhbət ararır” – deyə, məktubda qeyd olunub. Qeyd edək ki, Ombudsman Elmira Süleymanova özü azərbaycanlı hərbi əsir R.Həsənovun anası ilə telefon əlaqəsi saxlayıb, vəziyyətlə maraqlanıb. R.Həsənov bu il oktyabrın 8-də erməni hərbçiləri tərəfindən əsir götürülüb.