Azərbaycanın sabit və dinamik inkişafından üzülənlər var. Bunların sırasında bəzi qonşu dövlətlərimiz də, bəzi dairələr də var. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov şənbə günü Bakıda keçirilən Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayında çıxışı zamanı deyib.
Həsənov hesab edir ki, ona görə də bu gün Azərbaycana öz yazıçı və şairlərimizin, qələm tutan qeyri-hökumət təşkilatlarımızın, jurnalistlərimizin, siyasi partiyalarımızın adı və əli ilə zərbə vurmaq istəyənlər var.
“Daxildə və xaricdə Azərbaycanın inkişafını dayandırmaq istəyən qüvvələr var. Azərbaycan on milyonluq əhalisi ilə bölgədə müstəqil siyasət yeridən dövlətə çevrilib. Prezident İlham Əliyev müstəqil geosiyasi siyasət ortaya qoyur. İlham Əliyev Azərbaycanın maraqlarına xidmət etməyən heç bir məsələ ilə razılaşmır. Belə bir mərhələdə ölkəni daxildən qızışdırmaq, qarşıdurma yaratmaq istəyən elə insanlar var ki, onların qarşısını yalnız ağsaqqallar ala bilər. Əminəm ki, qarşıdan gələn siyasi fəallıq dövründə Ağsaqqalar Şurası bütün proseslərin başında olacaq. Qoy, cəmiyyət sizdən nümunə götürsün, sizin fikirləriniz ilə idarə olunsun”, -deyə PA rəsmisi çıxışında bildirib.
Həsənovun sözlərinə görə, qarşıdan prezident seçkiləri gəlir.
“İnanın, bu, taleyüklü seçkidir. Azərbaycan cəmiyyəti və dövləti özünün elə bir dörvünə, mərhələsinə qədəm qoyub ki, dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sırada dayanır. Amma bizim dövləti dünyada hamı istəmir, rəqiblərimiz, bugünki inkişafı gözü götürməyənlər var”, – deyə şöbə müdiri qeyd edib.