Bakı Enerji Sammitinin Bəyannaməsi

Bakıda IV Beynəlxalq Enrji sammiti keçirilib. Sammitin yekununda Bakı Bəyannaməsi qəbul edilib. Prezidentin mətbuat xidmətindən Lent.az-a daxil olmuş Bəyannamənin tam mətnini təqdim edirik: “Biz, 2008-ci il noyabrın 14-də Bakı şəhərində keçirilmiş Enerji Sammitinin iştirakçıları, qlobal enerji təhlükəsizliyinin təmin edilməsinin vacibliyini təsdiqləyərək və Enerji Xartiyasına dair Müqavilədə şərh olunmuş əsas prinsipləri qəbul edərək, enerji daşıyıcılarının və onların beynəlxalq bazarlara çatdırılmasının qlobal siyasi və iqtisadi proseslərdə artmaqda olan rolunu nəzərə alaraq, enerji daşıyıcılarının dünya bazarlarına sabit şəkildə göndərilməsinin və onların nəqlinin təhlükəsizliyinin davamlı inkişafın ən mühüm və zəruri amili kimi bütün beynəlxalq birliyin mənafelərinə uyğun olmasını qeyd edərək, karbohidrogen mənbələrinin və onların istehlakçılara nəql edilməsi yollarının bazar iqtisadiyyatı, şəffaflıq, azad rəqabət və qarşılıqlı faydalılıq prinsipləri əsasında şaxələndirilməsinə tərəfdar olduğumuzu bildirərək, Xəzər regionunun karbohidrogen ehtiyatlarının mənimsənilməsi və enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsinin iri mərkəzlərdən biri və Avrasiya Neft Nəqli Dəhlizi sistemində ən mühüm element olmasını etiraf edərək, Xəzər regionunun karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara nəql edilməsi üçün Avrasiya dəhlizi layihəsinin həyata keçirilməsini müsbət qiymətləndirərək və onun vacibliyini təsdiqləyərək,

aşağıdakıları bəyan edirik:

1. Enerji resurslarının hasilatçı ölkələri, tranzit ölkələri, istehlakçı ölkələri arasında qarşılıqlı surətdə faydalı əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə, regional investisiya enerji layihələrinin həyata keçirilməsi üçün zəruri əlverişli şərait yaradılmasına tərəfdar olduğumuzu təsdiq edirik.

2. Xəzər hövzəsindən neftin və qazın dünya və Avropa bazarlarına çatdırılması yollarının şaxələndirilməsinə yönəlmiş siyasətin davam etdirilməsini vacib hesab edirik.

3. İştirakçı dövlətlərin tələbatını daha tam təmin etməkdən ötrü Azərbaycanın təbii qazının regional və Avropa bazarlarına nəqli və tranziti üçün çoxvektorlu infrastrukturun yaradılmasına aid layihələrin həyata keçirilməsini dəstəklədiyimizi bildiririk.

4. Razılıq hissi ilə bildiririk ki, Xəzər hövzəsinin çox böyük yataqlarını dünya və Avropa bazarları ilə birləşdirən neftin və təbii qazın mənbələrinin və nəqli yollarının şaxələndirilməsi üzrə həyata keçirilən enerji layihələri regional əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli dərəcədə kömək edir, rəqabət mühiti və enerji ehtiyatlarının hasilatçı ölkələri, istehlakçı ölkələri və tranzit ölkələrinin qarşılıqlı surətdə faydalı maraqlarının təmin edilməsi üçün daha əlverişli şərait yaradır.

5. Neftin və qazın dünya və Avropa bazarlarına çatdırılmasını səmərəli şəkildə təmin edən Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərlərinin, Bakı-Tbilisi-Ərzurum və Türkiyə-Yunanıstan qaz kəmərlərinin müsbət təcrübəsini və uğurla fəaliyyət göstərməsini qeyd edirik.

6. Avropa bazarlarına neft göndərilməsi üçün Avrasiya neft Nəqletmə Dəhlizi sistemində Odessa-Brodı neft kəmərinin işə salınmasının əhəmiyyətini etiraf edirik.

7. Karbohidrogenlərin etibarlı və təhlükəsiz nəqlinə zəruri şəraitin təmin edilməsi üçün iştirakçı ölkələrin səylərini birləşdirmək məqsədi ilə Xəzər-Qara dəniz-Baltik Enerji Tranziti Məkanının yaradılması təşəbbüslərini alqışlayırıq və bu işin davam etdirilməsinin vacibliyini qeyd edirik.

8. Krakov, Vilnüs və Kiyev enerji sammitlərinin qərarlarının həyata keçirilməsi çərçivəsində, o cümlədən yeni “Sarmatia” beynəlxalq boru kəməri müəssisəsi (BBKM) təşkilati strukturunun yaradılması və Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin istismarı üçün zəruri şərait yaradılmasına dair görülmüş təşkilati və əməli tədbirlərdən məmnunluğumuzu bildiririk.

9. Qazaxıstan neftinin Xəzər dənizindən və Azərbaycan Respublikasının ərazisindən keçməklə Avropa və dünya bazarlarına nəql edilməsi sisteminin yaradılmasına dair Xəzər regionunda görülən işləri alqışlayır və bəyənirik.

10. Neftin və qazın nəqli və tranziti üçün ən əlverişli rejim yaradılması və bu işin iqtisadi səmərəsinin artırılmasının əlavə imkanlarının nəzərdən keçirilməsini davam etdirməyi zəruri hesab edirik.

11. Müvafiq nazirliklərin, baş idarələrin, yanacaq-energetika kompleksləri və neft-qaz şirkətləri rəhbərlərinin Bakı Enerji Sammiti ərəfəsində keçirilmiş görüşünün nəticələrini, eləcə də sahəvi əməkdaşlığın möhkəmləndirilməsi və dərinləşdirilməsi, istehsal güclərinin və infrastrukturun inkişafı, enerji effektivliyi və enerjiyə qənaət sahəsində elmi-texniki informasiya və qazanılmış təcrübə mübadiləsi üzrə əldə edilmiş razılaşmaları nəzərə alırıq.

12. Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş birgə layihələrin, xüsusən qazın nəqlinə, o cümlədən, Türkiyə-Yunanıstan-İtaliya İnterkonnektoru, Nabukko daxil olmaqla, Gürcüstan və Türkiyə ərazisi ilə tranzitinə dair layihələrin və başqa layihələrin həyata keçirilməsi üçün tərəflərin fəaliyyətinin əlaqələndirilməsinə yönəlmiş səyləri davam etdirmək barədə razılığa gəldik.

13. Bu Bəyannaməyə: Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Macarıstan Respublikası, Yunanıstan Respublikası, Gürcüstan, İtaliya Respublikası, Latviya Respublikası, Litva Respublikası, Polşa Respublikası, Rumıniya, Amerika Birləşmiş Ştatları, Türkiyə Respublikası, Ukrayna, İsveçrə Konfederasiyası, Estoniya Respublikası və Avropa Komissiyası qoşulmuşdur”.

Sənədi 15 dövlət və Avropa Komissiyası imzalayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO