Azərbaycanın Strateji Araşdırmalar Mərkəzi Ermənistanda seçkiöncəsi vəziyyəti qiymətləndirdi

Ermənistanda fevralın 18-də keçiriləcək prezident seçkilərində əsas siyasi qüvvələr iştirak etmir. Serj Sarkisyan bu seçkilərdə opponentsiz iştirak edir. Seçkilərin nəticələri bəllidir: Sarkisyan böyük fərqlə qalib gələcək. Amma bu o demək deyil ki, bundan sonra Ermənistanda proseslər normal gedəcək. Trend-in məlumatına görə, bunu cümə axşamı keçirilən tədbirdə çıxışı zamanı Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

Məmmədov bildirib ki, prezidentliyə namizədlərdən birinə sui-qəsdin təşkili seçkilərə bir fəallıq qatdı və beynəlxalq aləmin diqqətini artırdı.

“Bu hazırkı rejimə bir mesajdır. Rejim Ermənistandakı vəziyyətə tam nəzarət edir. Hər hansı bir hadisə ilə Ermənistanda vəziyyəti dəyişmək mümkündür. Hətta peşəkar olmayan bir insan da namizəd Paruyr Hayrikyanı qətlə yetirə bilər. Yəni Qərbə istiqamətlənmiş insanlar qətlə yetirilə bilər”, – Məmmədov əlavə edib.

SAM direktoru bildirib ki, Ermənistanda siyasət yalan və uydurmalar üzərində qurulub.

“Ermənistanda baş verən proseslər dünya ictimaiyyətini o qədər də maraqlandırmır. ABŞ və Aİ-də süstlüklə qarşılanır. Bu bizi narahat edir. Ermənistan keçən ildən “demokratik” seçki oyunu aparır. Guya “demokratik seçkilər” keçirərək bir neçə addımlar atılıb. Viza və s. ilə bağlı simvolik addımlarla Ermənistanın Avropaya daha yaxın olması nümayış olunur. Bu il Avropada donor təşkilatlarının Ermənistana 1 milyard dollar kredit verməsi guya Ermənistanda “demokratikləşmə” proseslərinin nəticəsi kimi qiymətləndirilir. Çünki son illər Ermənistana ümumiyyətlə kreditlər dayandırılıb”, – Məmmədov qeyd edib.

Onun sözlərinə görə, ABŞ-ın bu ölkəyə siyasəti ikilidir. Bir tərəfdən tənqid olunur, digər tərəfdən kreditlər ayrılır.

Məmmədov bildirib ki, Ermənistan 2008-ci il maliyyə böhranından sonra hələ də özünə gəlməyib. Buna baxmayaraq, bu ölkənin hərbi büdcəsi dayanmadan artır.

“Ermənistan silahları güzəştlərlə alır. Sərhədlərini Rusiya hərbçiləri qoruyur. Bunları da Ermənistanın büdcəsinə töhfə kimi qiymətləndirmək olar”, – SAM direktoru çıxışında bildirib.

Məmmədov, həmçinin qeyd edib ki, Ermənistandan gedənlərin və gələnlərin rəqəmləri gizlədilir.

“ABŞ-a “green card” üçün müraciət edən ölkələr arasında Ermənistan birinci yerdədir. Avropada vətəndaşlıq üçün ən çox müraciət edən Ermənistan vətəndaşlarıdır. Əhalinin artımı 40-42 min təşkil edib ki, bu da sovet dövründə olduğundan 2 dəfə azdır”, – Məmmədov bildirib.
Trend-in Serj Sarkisyanın Ermənistanda növbəti dəfə prezident seçilməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə və Ermənistandakı vəziyyətə mümkün təsiri barədə sualına cavab verən mərkəzin direktoru bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində öz qeyri-konstruktiv siyasətindən əl çəkməlidir. Ermənistanın bugünkü işğalçı siyasəti onun izolyasiyasına səbəbdir. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində nəinki kompromislərə, beynəlxalq hüququn tələb etdiyi addımlara da getməlidir.
Maraqlı da olsa, SAM direktoru hesab edir ki, Sarkisyanın növbəti dəfə prezidentliyi dönəmində Dağlıq Qarabağ probleminin həllində irəliləyişə ümid etmək olar: “Bunun üçün Ermənistanda güclü hakimiyyət olmalıdır, çünki zəif hakimiyyət hər zaman daxili müqaviməti səbəb gətirərək hər hansı prinsipial addımlardan vaz keçir və məhz güclü müqavimət göstərir. Amma parlamentə nəzarət edən hakimiyyət( Respublikaçılar Partiyası nəzarət edir) və seçkilərdə yüksək faiz toplayan prezident Ermənistanda və Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi addımlar ata bilər. Bunun üçün hər hansı daxili səbəbin, “cəmiyyətin buna qarşı olduğu” və ya “bizim siyasi iradəmiz buna çatmaz” kimi bəhanələrin gətirilməsi əlbəttə ki əsassızdır. Bunu əsas gətirərək deyə bilərik ki, növbəti dəfə prezident seçiləcəyi təqdirdə, Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addım atması mümkündür. Bunu bu ilin sonuna və ya gələn il üçün gözləmək olar”, – Məmmədov bildirib.
SAM direktorunun fikrincə, növbəti 5 il ərzində Ermənistanı heç də optimist ssenari, müsbət istiqamətdə inkişaf gözləmir. Xarici borcun daha da artması, iqtisadiyyatın strukturu onu göstərir ki, bu ölkənin perspektivi haqqında hər hansı bir müsbət fikir söyləmək mümkün deyil.
“İqtisadiyyat xarici transferlərdən asılı vəziyyətdədir. Hər il Ermənistana 1,8 milyard dollara qədər xaricdən transfer gəlir. Bundan əlavə, iqtisadiyyatın böyük bir hissəsi ticarətə istiqamətlənib. Bu isə o deməkdir ki, istehsal çox aşağı səviyyədədir. Sənaye ancaq yerli mis və digər təbii ehtiyatların xaricə çıxarılmasından ibarətdir. Yəni istehsalda hər hansı yüksək texnologiyalardan söhbət getmir. Digər tərəfdən, Ermənistan iqtisadiyyatı bu şəraitdə məhz bu qədər insanı təmin edə bilər və iqtisadiyyatın bu dərəcədə konservləşməsi əhalinin köçməsinə səbəb olur. Çünki istehsal olunan və ölkədə olan pul, ehtiyatlar əhalinin bu qədər sayına çatır”, – Məmmədov əlavə edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO