Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan hüquqları komitəsinin vitse-prezidenti seçilib.
Məlumatı ANS PRESS-ə millət vəkilinin özü verib. Onun sözlərinə görə, Azərbaycanla bağlı məsələlər adətən bu komissiyada keçirilir və Azərbaycan olan parlamentarinin vitse-prezident seçilməsi ölkəmizə qarşı ədalətli mövqeyə səbəb olacaq. Rəfael Hüseynovun sözlərinə görə, indiyədək Hüquqi işlər və insan hüquqları komitəsinin vitse-prezidenti vəzifəsində Yunanıstan təmsilçisi olub və o, Azərbaycanla Türkiyəyə qarşı qərəzli mövqedə dayanıb.
Rəfail Hüseynov bildirib ki, Azərbaycan üzrə həmməruzəçi Andres Herkelin də iştirak etdiyi toplantıda keçirilən seçkidə Azərbaycan nümayəndə heyətinin üzvünün vitse-prezident seçilməsi yekdilliklə dəstəklənib. Millət vəkili hesab edir ki, bu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl etməsinin nəticəsidir.
Qeyd edək ki, noyabrın 10-11-də Moskvada Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan hüquqları komitəsinin iclası keçirilir. İclasda Avropada milli azlıqların müdafiəsi, insan hüquqlarının vəziyyəti, məhkəmə sistemində korrupsiya və digər mövzularda müzakirələr aparılır.