Ünvanlı yardımın məbləği artırılacaq və yardım alan ailələrin sayı təxmini proqnoza görə 190 minə çatacaq
Ünvanlı sosial yardımların verilməsi qaydaları bir az da sadələşdiriləcək. Yəni, ünvanlı yardımlar təyin olunarkən tələb olunan sənədlərin sayı azaldılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimovun sözlərinə görə, gələn il üçün ehtiyac meyarının 60 manata çatdırılmsından sonra bu yardımı alanların sayı daha da artacaq: “Hal-hazırda 130 mindən yuxarı ailə bu yardımı alır. İlin sonuna bu rəqəm bizim proqnoza görə 160 mini keçəcək. Hər bir ailəyə ödənilən məbləğ 100 manatdır. Bu şərtlə ki, bu gün ehztiyac meyarı 55 manatdır. Bildiyiniz kimi müzakiryə artıq ehtiyac meyarının 60 manata çatdırılması verilib. Hazırda Milli Məclisdə də müzakirə olunur. Belə olan halda isə yardım alanların əhatə dairəsi də genişlənir. Ünvanlı yardım alan ailələrin sayı təxmini proqnoza görə 190 minə çatacaq”.
Gələn il ünvanlı yardımların verilməsi üçün 210 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. İlqar Rəhimov deyir ki, ehtiyac meyarının 5 manat artırılması 35-40 milyon manat vəsait tələb edir. Hökumət ehtiyac meyarını tədricən yaşayış minimumuna çatdırılmasını planlaşdırır. Əgər əvvəl ehtiyac meyarının yaşayış minimumuna nisbəti 50 faiz təşkil edirdisə indi artıq bu rəqəm 70 faizi keçib. Şəffaflığı artırmaq üçün ünvanlı yardımların verilməsində plastik kartlardan istifadə olunur: “İnsanların 85 faizinin plastik kartla yardım almasına nail olmuşuq. Digər 15 faizlik hissəni də bu sistemə keçirmək niyyətindəyik. Texniki məsələlər var, bankomatlar çoxalmalıdır. Bu da olanda yardımlrın 100 faiz kartla təmin olunmasına nail olunacaq”.
Şəffaflığın artırılması üçün informasiya texnologiyalarının tətbiqi də nəzərdə tutulub. Nazirlikdə quraşdırılan korporativ şəbəkə vasitəsi ilə bütün yerli qurumlara nəzarət olunacaq. Yəni yardım üçün müraciət edənlər və yardım alanlar haqqında məlumat bir başa mərkəzə ötürüləcək.