Obamanın qalibiyyət nitqi Bakıda da alqışlarla qarşılandı

Obamanın qalibiyyət nitqi Bakıda da alqışlarla qarşılandı   Zalda bircə ABŞ vətəndaşı tapmadıq ki, hər hansı səbəbdən səsini verməmiş ola

Yaxşı və daha yaxşının mübarizəsi adlanan bu seçki beləcə başa çatdı. Amerikanın ilk qaradərili prezidenti olmuş Barak Obama «Bəli, biz bacararıq», – deyib Birləşmiş Ştatlar üçün Tanrıdan xeyir-dua istədi. Obamanın qalibiyyət nitqini onun tərəfdarları təkcə Amerikada deyil, Azərbaycanda da alqışlarla qarşıladı.

Seçkinin başa çatmaq üzrə olduğu anlarda Bakıdakı amerikalılar və Amerikanın dostları bir yerdə nəticələrin səslənməsini gözləyirdi.

Əvvəlcə elə ondan başlayaq ki, zalda bircə ABŞ vətəndaşı tapmadıq ki, hər hansı səbəbdən səsini verməmiş ola.

ABŞ səfirliyinin ictimai diplomatiya departamentinin əməkdaşı Dmitri Taraxovski qiyabi bülletenini bir-iki həftə bundan əvvəl qeydiyyatda olduğu Mçiqan ştatına göndərib. Departamentin rəhbəri Terri Devidson isə səsini Texasa göndərib:

– Əlbəttə ki, səs vermişəm, mən seçim hüququmdan imkan düşən kimi faydalanıram.

Beynəlxalq Jurnalistlər Mərkəzindən Çak Rays deyir ki, səsini hələ üç həftə əvvəl verib:

– Mən üç həftə bundan əvvəl qiyabi bülletenlə səs vermişəm. Mən Merilend ştatında səs verirəm. Mənim bülletenimi buraya göndərdilər, səsimi verdim, sonra bülleteni geriyə – Merilendə göndərdim.

– Seçiminiz barədə nə deyə bilərsiniz?

– Mən bu gün çox xoşbəxtəm.

Amerika təşkilatlarından birində işləyən Şeldon Markoffsa «səs vermisinizmi» sualının özünə təəccübləndi:

– Əlbəttə, səs vermişəm. Mən demokratam və Obamaya səs vermişəm. Mən qiyabi bülletenimi Nyu Yorka göndərdim. Bu ştatda onsuz da demokrat qalib gələcəkdi. Amma hər səsin öz hökmü var.

Sara Paulsvors Bakıda ingilis dili dərsi deyir:

– Mən keçən həftə səfirlikdə səsimi verdim. Mənə qiyabi bülleten verdilər, səs verdim və bülletenim ştatıma göndərildi. Mənim bildiyimə görə, qiyabi bülletenlər yalnız nəticəyə təsir etmək ehtimalı olanda açılır və sayılır. Amma Obama Pensilvaniyada onsuz da qəti qələbə qazanıb. Odur ki, mən xoşbəxtəm. Hesab edirəm ki, o, real dəyişiklik gətirəcək.

Azərbaycana Sülh Korpusunun könüllüsü kimi gəlib burada qalan Sara hesab edir ki:

– Obamanın əsas uğuru insanları həvəsləndirməsidir. Əvvəllər seçici aktivliyi çox aşağı olurdu. Bu dəfə isə belə deyildi. Kampaniyanın uzun olmasına baxmayaraq, o, adamları yormadı, insanların əsas qayğılarını işıqlandırdı.

Amerikalı hüquqşünas Ann Pasko ümid edirdi ki, onun doğma ştatı Kaliforniyadan olan 55 seçmənin səsi məhz Barak Obamanın qələbəsini təsdiqləyəcək. Belə də olub. O da, başqaları kimi səsini qiyabi bülletenlə verib.

Budur, Kaliforniyadakı «exit-poll»un nəticələri açıqlanır və artıq Obamanın bütün ştatlar üzrə qalib olduğu aydındır.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bu seçkinin tarixi əhəmiyyəti barədə:

– Senator Obama indicə dediyi kimi, bu tarixi seçki onu göstərdi ki, Birləşmiş Ştatlar azadlıq, bərabərlik, imkanlar və tükənməz ümid ölkəsidir. Amerikalı kimi mən qürur duyuram ki, bizim iki çox güclü namizədimiz var idi. Və onlar aylarla sürən debatlar zamanı özlərinin ölkənin gələcəyi ilə bağlı fikirlərini ortaya qoydular və Amerika xalqı öz seçimini etdi.

Çak Rays da başqaları kimi sevincini gizlətmir:

– Fantastik nəticələrdir. Mən səkkiz ildir ki, bu ümidlə yaşayırdım.

İndi amerikalıların qayğılarından biri həm Konqresdə, həm də Ağ Evdə hakim olacaq demokratların aşırı hakimiyyətdən başını itirməməsinə nəzarət etməkdir:

– Biz səkkiz ildir ki, elə bundan əziyyət çəkirdik. Respublikaçılar həm Konqresi əllərinə almışdılar, həm də icra hakimiyyətini. Razıyam, bir partiya bu qədər nəzarətə sahib olmamalıdır. Çünki bu, korrupsiyaya səbəb olur. Görək nə olur. Məncə, Barak Obama çox iş görməlidir. İndi onun üzərində böyük bir yük var. Əgər uğurlu olmasa, çox sayda adamı məyus edəcək. Bir sözlə, yükü ağırdır, amma çəkməlidir.

Sara:

– Məncə, bu, mümkün deyil. Dəyişikliklərə nail olmadan mütləq hakimiyyətdən söhbət belə gedə bilməz. İlk növbədə İraqdan çıxmaq və islahatlar lazımdır.

Şeldon:

– Olmayacaq, həddindən artıq çox şəffaflıq var. Onlar tarixdən dərslərini alıblar. Hər halda, ümid edirəm ki, belədir.

Çak Rayssa deyir ki, onun yeni prezidentdən gözlədikləri var:

– Mən arzu edərdim ki, Quantanamo bağlansın, Mən istərdim ki, Birləşmiş Ştatlar beynəlxalq hüquqa daha çox riayət etsin. Bəzən biz elə işlər görürük ki, bu, bizim başqa ölkələrdən istədiklərimizlə o qədər də uyğun gəlmir.

Az qala yadımdan çıxmışdı. Amerika demokratiyasından, imitasiyada da olsa, mən də bəhrələndim. «Sabahın xeyir, cənab prezident» adlı tədbirdə şəffaf qutuya gələn qonaqlar da bülleten ata bilərdi. Əlbəttə bu, səfirliyin əməkdaşı Dmitri Taraxovskinin dediyi kimi, sadəcə zarafat idi:

Dmitri Taraxovski:

– Bu, sadəcə əyləncədir. Necə deyərlər, yalançı seçki. Biz sadəcə azərbaycanlı qonaqlarımızın seçiminin necə olacağını öyrənə bilərdik.

Səfirliyin digər əməkdaşı isə deyir ki, azərbaycanlı qonaqlar bu seçkidə də çox passiv imişlər, xeyli hissəsi səs verməkdən imtina edib. Beləliklə, azərbaycanlı seçmənlər də öz sözünü belə dedi:

31 səs Obama

16 səs Makkeyn

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO