Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı
Son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı sağlamlıq imkanları məhdud uşaqların və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial müdafiəsinin, o cümlədən onlara göstərilən sosial xidmətin keyfiyyətinin artmasına imkan yaratmışdır. Əhalinin bu qrupuna göstərilən sosial xidmətin yaxşılaşdırılması istiqamətində əldə olunan müsbət meyillərin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara göstərilən sosial reabilitasiya xidmətinin təkmilləşdirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 yanvar 2013-cü il
¹ 2653