Prezident İlham Əliyev Azərbaycanda İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan edilməsi haqqında” Azərbaycan Prezidentinin 2013-cü il 16 yanvar tarixli sərəncamına uyğun olaraq, ölkənin sosial-iqtisadi inkişafında və gündəlik həyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə genişləndiyini nəzərə alaraq, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universiteti yaradılsın.
Nazirlər Kabinetinə tapşırılıb ki, İnformasiya Texnologiyaları Universitetinin Nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin; İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2013-cü il üçün dövlət büdcəsindən və 2014-cü il və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutsun; İnformasiya Texnologiyaları Universitetinin bina və lazımi avadanlıqla təmin edilməsi üçün müvafiq tədbirlər görsün; bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Təhsil Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə İnformasiya Texnologiyaları Universitetində 2013-2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılmasını təmin etməli və bu Sərəncamdan irəli gələn digər zəruri tədbirləri həyata keçirməlidir.