“Azərsu” ASC 2012-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında 19 700 ədəd ön ödənişli (smart-kart tipli) sayğaclar quraşdıraraq istismara verib.
ASC-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, bunlardan 7560 ədədi əhali qrupu, 12 140 ədədi isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür.
“Smart-kart tipli su sayğacların quraşdırılmasına 2012-ci ilin may ayında başlanılıb. İlkin mərhələdə smart-kart sayğaclarının quraşdırılması qeyri-əhali qrupu abunəçilərini əhatə edib. 2012-ci ilin oktyabr ayından əhali qrupu abunəçiləri də smart-kart tipli sayğaclarla təchiz edilib”, – məlumatda deyilir.
Smart-kart sayğacları Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Quba və Zərdab şəhərlərində də quraşdırılıb. Bölgələrdə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində bütün abunəçilər smart-kart tipli sayğaclarla təmin ediləcək.
“Ümumilikdə 2012-ci ildə mexaniki və elektron tipli 65 min ədəd su sayğacı quraşdırılıb. 2013-cü il yanvarın 1-nə olan məlumata görə, “Azərsu” ASC üzrə abunəçilərin 550 minə qədəri və ya 47,5 faizi sayğaclarla təmin olunub”, – məlumatda qeyd edilir.
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına sayğacların quraşdırılması ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə “Azərsu” ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.