“Azərbaycan işğal altında olan əraziləri üzərindəki hava məkanını bağlı elan edib. Bu qərar Çikaqo Konvensiyasına əsaslanır və bu konvensiyaya qoşulmuş bütün ölkələr qərara riayət etməlidir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. Ermənistan prezidenti Serj Sərkisyanın yaxın zamanlarda Xocalı aeroportunda uçuşların həyata keçiriləcəyi ilə bağlı sözlərini şərh edən Elman Abdullayev bu açıqlamaların təxribatçı xarakter daşıdığını deyib: “Sərkisyanın bu bəyanatı təxribatçı xarakter daşıyır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə zərbə vurur”.
Elman Abdullayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın İrəvanda verdiyi bəyanatı belə şərh edib: “Bordyuja bəyan etdiyi kimi, biz sivil, mədəni dövlətik. Azərbaycan öz yanaşmasında beynəlxalq hüquqa əsaslanır. Ermənistandan fərqli olaraq biz heç bir ərazini işğal etməmişik və beynəlxalq hüququ pozacaq heç bir addım atmırıq”.