Rusiya prezidentinin Moskva yaxınlığındakı “Mayn Dorf” iqamətgahında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilib. APA-nın xəbərinə görə, görüşdən sonra İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedev Dağlıq Qarabağa dair birgə bəyannamə imzalayıblar. Bəyannamənin mətni ilə jurnalistləri tanış edən Dmitri Medvedev deyib ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin siyasi vasitələrlə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoq yolu ilə həlli perspektivlərini konkret və dolğun müzakirə ediblər. əyannamədə isə qeyd edilib ki, prezidentlər münaqişənin beynəlxalq hüququn prinsipləri və normaları, bu çərçivələrdə qəbul olunmuş qərarlar və sənədlər əsasında siyasi yolla həlli ilə Cənubi Qafqazda vəziyyətin sağlamlaşmasına və regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsinin təmin olunmasına kömək edəcəklərini bəyan edirlər. Bu, regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq. Prezidentlər həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin siyasi yolla həllin əsas prinsiplərinin işlənib hazırlanması məqsədi ilə 2007-ci ilin noyabrında Madriddə tərəflərlə keçirilmiş görüşü və sonrakı diskussiyaları nəzərə alınmaqla, onların vasitəçilik səylərinin davam etdirilməsinin böyük əhəmiyyətinin olmasını təsdiq edirlər. Sənəddə vurğulanıb ki, sülh yolu ilə həllə nail olunması prosesin bütün aspektləri və mərhələlərinin hüquqi öhdəlikli beynəlxalq təminatlar ilə müşayiət edilməlidir. Bəyannamədə daha sonra qeyd edilir ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin razılaşdırılması üzərindəki işi davam etdirmək, o cümlədən gələcəkdə yüksək səviyyədə təmasların gedişində davam etdirmək barədə razılığa gəliblər və özlərinin xarici işlər nazirlərinə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə qarşılıqlı əlaqədə danışıqlar prosesində gələcək addımları fəallaşdırmağı tapşırıblar. Prezidentlər həmçinin münaqişənin həllinə dair səylər kontekstində etimadın möhkəmləndirilməsi üçün tədbirlərin reallaşdırılması üçün şərait yaradılmasının təşviq olunmasını vacib hesab edirlər. Sənəd ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə imzalanıb.