Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Müdafiə proqramının Azərbaycandakı yeni təyin olunmuş koordinatoru Fransua Blansini, Müdafiə proqramının fəaliyyətini başa vurmuş koordinatoru xanım Qvenaelle Fontananı və Müdafiə proqramının nümayəndəsi Piter Huberi qəbul edib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən M. Quliyev penitensiar müəssisələrlə bağlı komitənin fəaliyyəti üçün normal şəraitin təmin olunmasının daim Penitensiar xidmət rəhbərliyinin diqqət mərkəzində olacağını bildirib. Nazir müavini qonaqlara Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində məlumat verib. M. Quliyev BQXK ilə Penitensiar xidmət arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək, son illər ərzində məhz BQXK ilə əməkdaşlığın daha da genişlənməsi nəticəsində məhkumlara və təqsirləndirilən şəxslərə, xüsusilə də ağ ciyər vərəminə düçar olmuşlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin xeyli artdığını, bunun da nəticəsində həmin xəstəlikdən vəfat edən şəxslərin sayının nəzərə çarpacaq dərəcədə azaldığını və artıq ölkəmizin bu təcrübəsindən bir çox dövlətlərin nümayəndələrinin də bəhrələndiklərini bildirib.
Qvenaelle Fontana isə işlədiyi müddət ərzində Penitensiar xidmətlə əməkdaşlığın səmərəli olduğunu qeyd edib və son vaxtlar BQXK-nın tövsiyələrinə penitensiar müəssisələr tərəfindən daha fəal reaksiya verildiyini, bu tövsiyələrə əməl olunduğunu xüsusilə vurğulayıb.
Görüş zamanı cəzaçəkmə müəssisələrində yeni istehsal sahələrinin təşkil olunması, cəza çəkənlərlə işçi heyəti arasında münasibətlər, məhkumların peşə təhsili, işçi personalın təlimi ilə bağlı bir sıra problemlərin həllinə dair suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.