AHİK xidmətlərinə daxil olan müəssisələrdə ölənlərin sayı açıqlanıb


AHİK xidmətlərinə daxil olan müəssisələrdə ölənlərin sayı açıqlanıb

2012-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) xidmətlərinə daxil olan müəssisələrdə 24 nəfər ölüb, 52 nəfər isə xəsarət alıb. Bu barədə Trend-ə AHİK-dən bildirilib.
2011-ci ilin müvafiq dövründə isə ölənlərin sayı 38 nəfər, xəsarət alanların sayı isə 79 nəfər olmuşdu.
Baş vermiş bədbəxt hadisələrin əsas səbəbləri işlərin təhlükəsiz yerinə yetirilməsinə rəhbərliyin nəzarətinin zəif olması, işçilərin əməyin təhlükəsizliyi tələblərinə əməl etməməsi, xüsusən qeyri-dövlət sektorunda işəgötürənlərin əməyin təhlükəsizliyinə görə məsuliyyətinin aşağı səviyyədə olması, təhlükəsizlik texnikası sahəsində yeni texnologiyaların tətbiq edilməməsidir.
Həmkarlar İttifaqı fəallarının maarifləndirilməsi məqsədilə AHİK Beynəlxalq Həmkarlar İttifaqları təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının (BƏT) zəngin təcrübəsindən geniş istifadə edir.
Hər il Həmkarlar İttifaqları təşkilatlarının Ümumdünya əməyin təhlükəsizliyi gününü (28 aprel) qeyd etməsi hakimiyyət orqanlarının və ictimaiyyətin əməyin mühafizəsi məsələlərinə diqqətinin cəlb edilməsinin mühüm formalarındandır.
Son 5 ildə 28 aprel günü ərəfəsində respublikanın bütün şəhər və rayonlarını əhatə edən 25 mindən artıq dinləyicinin – həmkarlar ittifaqı komitə sədrlərinin, ilk təşkilatların rəhbərlərinin və əməyin mühafizəsi üzrə müvəkkillərinin iştirakı ilə 400 zona seminarı keçirilib.
Hər il hazırlanan tematik tədbirlər planına əsasən, yerlərdə “istehsalatda bədbəxt hadisələrin qarşısının alınması” istiqamətində seminarlar, müşavirələr, “dəyirmi masa”lar, yoxlamalar, baxış-müsabiqələr keçirilir.
“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında ən yaxşı müəssisə (təşkilat)” devizi ilə keçirilən müsabiqələrdə son 3 ildə iştirakçı müəssisə, təşkilat, sex və sahələrin sayi 1000-ə çatıb. Müsabiqələrin yekunlarına görə 254 müəssisə və təşkilat qalib elan olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO