Maliyyə Nazirliyi QHT-lərin maliyyə hesabatları üçün standart təyin etdi

Maliyyə Nazirliyi QHT-lərin nəzərinə çatdırır ki, qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib etməlidirlər.
Nazlirlikdən Trend-ə verilən xəbərə görə, “Mühasibat uçotu haqqında” qanunun 13.2-ci maddəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını QHT-lər üçün Milli Mühasibat Uçotu Standartına uyğun tərtib etməlidirlər.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatı tərəfindən illik maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Maliyyə Nazirliyinə təqdim edilməlidir.
“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda qeyri-hökumət təşkilatları tərəfindən illik maliyyə hesabatlarının Maliyyə Nazirliyinə təqdim edilməsi üzrə prosedur qaydası müəyyən edilib.
Bundan başqa, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 2.0.7-ci maddəsinin tələblərinə uyğun olaraq, hüquqi şəxslərin dövlət qeydiyyatı – Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsini nəzərdə tutur.
Nazirlik yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinin təmin edilməsi məqsədilə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun tələblərinə əsasən, illik maliyyə hesabatlarını təqdim etməli olan qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nəzərinə çatdırır ki, göstərilən müddət ərzində illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidir.
Qeyri-hökumət təşkilatları tərəfindən 2012-ci il üçün tərtib edilmiş maliyyə hesabatları elektron formada Maliyyə Nazirliyinə təqdim edildikdə, bu hesabatlar nazirliyin rəsmi internet saytı olan maliyye.gov.az-da yaradılmış “Elektron xidmətlər” bölməsindən və ya Word, Excel, Adobe acrobat (PDF) formatlarında [email protected] email ünvanına göndərilə bilər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsində mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə inzibati məsuliyyət müəyyən edilib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO