Azərbaycan Əfqanıstana narkotiklərin istehsalı və yayılması, üsyançılarla mübarizədə kömək göstərilməsini artırmağı planlaşdırır. Eləcə də ölkədə infrastrukturların yaradılmasına yardım göstəriləcək. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Pakistanın “Frontier Post” qəzeti xəbər yayıb.
“Kömək məsələsindəki detallara gəldikdə, biz ilk növbədə, prioritetlərə baxacağıq. Biz üsyançılarla, narkotiklərin istehsalı və yayılması ilə mübarizədə əməkdaşlıq edəcəyik, energetika və yol tikintisi sektorlarına investisiyalar üzərində çalışacağıq”, – nazir müavini Əfqanıstanda mətbuat konfransında bildirib.
Öz növbəsində, Əzimovun əfqan həmkarı bəyan edib ki, iki ölkə arasında diplomatik əlaqələrin möhkəmlənməsinin əlaməti kimi Əfqanıstan bu yaxınlarda Azərbaycanda səfirlik açıb.
“Siyasi əlaqələri möhkəmləndirməkdən ötrü biz Bakıda səfirlik açdıq”, – Caved Ludin bildirib.
Əfqanıstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, son illər Azərbaycan tərəfindən ölkənin təhlükəsizlik sahəsi üçün iki milyon dollar vəsait ayrılıb.
Trend.az