Adamdöyənlər Nəqliyyat Nazirliyini cəmiyyətin nifrət hədəfinə çevirir

Xəbər verildiyi kimi, yanvarın 8-də Bakının Binəqədi rayonunda, Bakı Beynəlxalq Avtovağzalının ərazisində 30 yaşlı kişi Nəqliyyat Nazirliyinin 5 əməkdaşı tərəfindən möhkəm döyülüb. Bu barədə mətbuata açıqlama verən döyülən şəxsin qohumu Aydın Cahangirovun sözlərinə görə, “Mercedes” markalı, 10 İR 196 dövlət nömrə nişanlı avtomobili idarə edən 1983-cü il təvəllüdlü Rasim Nazim oğlu İsmayılov maşını Bakı Beynəlxalq Avtovağzalının ərazisində saxlayıb.

Maşında sərnişin qismində oturan anası və qardaşının arvadını rayona yola salmaq üçün maşından düşüb. Bu zaman onlara özünü Nəqliyyat Nazirliyinin müfəttişi adlandıran bir neçə nəfər yaxınlaşıb və R.İsmayılovdan sənədləri tələb edib: “Rasim onların kimliyini təsdiq edən sənəd tələb etdikdə onlar bundan imtina edib. Rasim də onlara sənəd verməyəcəyini bildirib. Bunun nəticəsində özlərini nazirlik əməkdaşı kimi qələmə verən şəxslər Rasim İsmayılovu möhkəm döyüb. Hadisə yerinə Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının 17-ci bölməsindən həkimlər gəlib”.

R.İsmayılova ilkin tibbi yardım göstərilib və o, Respublika Xəstəxanasına aparılıb. Xəstəxananın həkimi Elşad Musayevin verdiyi məlumata görə, xəstə təcili əməliyyat olunmalıdır. Qeyd edək ki, hadisənin baş verməsi ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsi araşdırma aparır.

Artıq neçənci dəfədir ki, NN əməkdaşlarının sürücülərə qarşı bu cür zorakılıqlar tətbiq etməsi baş verir. Bu kimi özbaşınalıqlarla bağlı zaman-zaman mətbuatda tənqidi məzmunlu yazılar dərc olunsa da, NN əməkdaşlarının sürücülərə qarşı bənzər zorakılıqlar törətməsi azalmaq bilmir. Maraqlıdır, görəsən NN əməkdaşları nə vaxt bu kimi zorakılıqlara son qoyacaq? Bu cür biabırçılıqların qarşısını almaq üçün nə kimi konkret tədbirlərin görülməsinə ehtiyac var?

Məsələyə münasibət bildirən “Təhlükəsiz Yol” Alyansının koordinatoru Şahin Camalovun sözlərinə görə, baş verən bu özbaşınalıqların qarşısını almaq üçün Nəqliyyat Nazirliyinin səlahiyyətləri məhdudlaşdırılmalıdır: “İndiyəcən eşitməmişik ki, hansısa Dövlət Yol Polisi əməkdaşı sürücünü döysün, ona xəsarət yetirsin. Ancaq bəla orasındadır ki, NN əməkdaşları tərəfindən sürücülərin döyülməsi sanki adiləşib. Belə vəziyyət hamı kimi məni də çox ciddi narahat edir. Biz bu kimi faktlarla bağlı bir müddət araşdırma apardıq. Bir dəfə bənzər hadisə ilə bağlı əldə etdiyimiz videogörüntünü hüquq-mühafizə orqanlarına göndərdik. Ancaq sonra məlum oldu ki, sözügedən videogörüntü guya öz təsdiqini tapmayıb. Hesab edirəm ki, ümumiyyətlə, NN kimi quruma belə geniş səlahiyyətlərin verilməsi düzgün deyil. Çünki onlar səlahiyyətlərini icra edə bilmir və yaxud da bundan sui-istifadə edir. Bu tip qurumlar həddən artıq özbaşınalığa yol verir. NN əməkdaşları şəhərdə avtomobil, kefi istədiyi kimi idarə edir, qoşa xətti tapdalayır, sürücünü döyür, amma əsas vəzifələrini icra etmir. Bu gün baxın görün, ictimai nəqliyyat şəhərdə nə oyun çıxarır. Gündə bir hadisə baş verir. NN əməkdaşlarının əslində vəzifəsi bu kimi işlərə nəzarət etməkdir. Ancaq onlar qətiyyən öz vəzifələrini icra etmir. O sürücünü, bu sürücünü döyməklə məşğuldurlar. Çox təəssüf ki, bir sıra hallarda hüquq-mühafizə orqanları baş verən bu kimi hadisələrə göz yumur”.

Ş.Camalovun fikrincə, NN əməkdaşlarına qarşı ciddi ölçü götürülməlidir ki, bu, digərlərinə də dərs olsun: “Çünki NN əməkdaşlarının bu cür davranışı qanunsuzdur. Ona görə ki, sözügedən nazirlik hərbiləşdirilmiş qurum deyil. O üzdən, NN-nin hərbiləşdirilmiş qurum kimi fəaliyyət göstərməsinə qəti qadağa qoyulmalıdır. Birinci növbədə NN özü bu məsələyə müdaxilə etməlidir ki, digər qurumların müdaxiləsinə ehtiyac yaranmasın. İstədikləri yerdə özləri üçün kiçik oyuncaq kameralar qurublar. Bu kimi hallar birdəfəlik məhdudlaşdırılmalı və onlara vəzifələri izah edilməlidir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO