Yeni Azərbaycan Partiyası (YAP) oktyabrın 15-də keçirilmiş prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) yekun maliyyə hesabatı təqdim edib. Bu barədə APA-ya YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov məlumat verib.
İcra katibi partiyanın seçkilərə nə qədər pul xərclədiyini açıqlamasa da, çox kiçik maliyyə vəsaiti hesabına yüksək keyfiyyətlə seçki kampaniyası apardıqlarını bildirib: “Burada söhbət maliyyədən daha çox İlham Əliyevin namizədliyini dəstəkləyən şəxslərin fədakarlığından gedir. Azərbaycanda keçirilən seçkilərlə başqa ölkələrdə keçirilən seçkilər arasında fərqlər var. İndi ABŞ-da müzakirə olunan məsələlərdən biri namizədlərin nə qədər vəsait toplamasıdır. Görünür, Azərbaycanda da nə zamansa bu sistem olacaq. Amma bu gün Azərbaycanda keçirilən seçkilərdə həlledici məsələ maliyyə yox, namizədliyini irəli sürmüş şəxsin qələbəsinin təmin olunması üçün onun tərəfdarlarının fədakarlıq göstərməsidir. YAP və onun namizədi İlham Əliyevin seçki kampaniyasına çoxlu sayda insan dəstək verib. O insanlar hər hansı mükafat gözləmədən seçki kampaniyasının uğurla keçməsinə öz töhfələrini veriblər”.