AŞ PA-da təmsil olunan bəzi siyasi qruplar Ştrasserin Azərbaycana dair məruzəsinin əleyhinə çıxıblar

Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) plenar sessiyasında Azərbaycanla bağlı iki hesabat müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, həmin məruzələrdən biri qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmmərizəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex tərəfindən hazırlanan “Azərbaycanın öhədliklərinin yerinə yetirilməsi”nə dair məruzə, digəri isə Hüquqi işlər və insan hüquqları komitəsinin məruzəçisi Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı məruzədir.

Assambleyanın reqlamentinə uyğun olaraq, ilk çıxış edən Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt qeyd edib ki, bu gün müzakirəyə çıxarılan məruzə Monitorinq Komitəsinin 2012-ci ilin dekabr ayında Parisdə keçirilən iclasında təsdiq olunub və Monitorinq Komitəsinin bu gün keçirilən iclasından sonra kiçik bir dəyişikliklə müzakirəyə çıxarılır.

O, bu gün müzakirə olunan məruzənin tarazlaşdırılmış bir məruzə olduğunu qeyd edib və onun dəstəklənməsini həmkarlarından xahiş edib.

Aqramunt onu da əlavə edib ki, onların hazırladığı məruzəyə 13 dəyişiklik təklif olunsa da, həmməruzəçilər onları qəbul etməyiblər, çünki bu hesabat hamı tərəfindən qəbul edilib.

Həmməruzəçilərdən sonra çıxış edən Kristofer Ştrasser qeyd edib ki, 2009-cu ildə AŞ PA tərəfindən Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin edilib. O, qeyd edib ki, 2001-ci ildən bu məsələ Assambleyada 4 dəfə müzakirə olunub. Assambleya bununla bağlı 2004 və 2005-ci illərdə iki qətnamə və bir tövsiyə qəbul edib. Amma bu gün sözügedən məsələnin tam olaraq həll olunduğunu demək olmaz. Məruzəçi həmkarlarından onun hazırladığı məruzəni dəstəkləməyi xahiş edib.

Sonra AŞ PA-da təmsil olunan siyasi qruplar Azərbaycana dair müzakirə olunacaq hər iki məruzələrlə bağlı çıxış ediblər. Avropa Demokratlar qrupu və Avropa Solçuları siyasi fraksiyaları açıq şəkildə Ştrasser tərəfindən hazırlanan məruzənin əleyhinə çıxdıqlarını və ona səs verməyəcəklərini ifadə ediblər.

Sözügedın fraksiyalar Ştrasserin məruzəsində əksini tapan məlumatların reallığı tam şəkildə əks etdirmədiyi qənaətində olduqlarını bildiriblər.

Avropa Xalq Partiyası isə Monitorinq Komitəsinin hazırladığı məruzəyə dəstəyini ifadə etsə də, Strasserin məruzəsini dəstəkləməyi qrup üzvlərinin öhdəsinə buraxıb.

Qurumdakı Sosialistlər və Liberallar qrupu hər iki məruzəni dəstəklədiklərini bəyan ediblər.

Hazırda Azərbaycanla bağlı məruzələrin müzakirəsi davam edir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO