Sənaye və Energetika Nazirliyi Azərbaycanda enerji səmərəliliyini təmin etmək üçün tövsiyələr hazırlayıb

Enerji səmərəliliyi məsələsi Azərbaycanın dövlət enerji siyasətinin istiqamətlərindən biridir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Sənaye və Energetika Nazirliyinin İnvestisiya və sənaye obyektlərinin yenidənqurulması şöbəsinin rəhbəri Ramiz Rzayev “Şərqə tədbirlər sazişi: Azərbaycanda milli gün” seminarında deyib.
“Böyük enerji resursları ehtiyatları ölkə iqtisadiyyatının inkişafının əsasıdır” , – Rzayev deyib.
Onun sözlərinə görə, enerji resurslarından səmərəli istifadə etmək ölkənin davamlı inkişafı üçün imkanlar yaradır.
Rzayev qeyd edib ki, regional və qlobal təhlükəsizlikdə ölkənin rolu məlumdur. “Azərbaycan artıq enerji resurslarının bütün növlərinin ixracatçısıdır. Ölkənin enerji təhlükəsizliyi təmin edilib. Enerji səmərəliliyi məsələsi bizim üçün önəmlidir. Hazırda vəzifəmiz malik olduqlarımızı qənaətlə xərcləməkdir”, – şöbə müdiri bildirib.
Rzayev vurğulayıb ki, enerji səmərəliliyinin inkişafını əngəlləyən əsas problemlər zəif institusional infrastruktur, müvafiq tarif metodologiyasının, alternativ enerji sahəsində strategiya və planların, qanunvericilik və enerji səmərəliliyinin maliyyələşdirilməsi ilə bağlı təyin edilmiş qaydaların olmaması, istilik təchizatı sistemlərinin zəif inkişafıdır.
“Bütün bu problemləri nəzərə alaraq, enerjinin səmərəli istehlakını təmin etmək üçün tövsiyələr hazırlamışıq, çünki qeyd edilən tədbirlərin reallaşdırılması enerji istehlakını 40-45 faiz qənaət etməyə imkan verəcək”, – Rzayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda hər il elektrik enerjisi istehsalının həcmi azalır. Əgər 2006-cı ildə 23 milyard kilovatt/saat elektrik enerjisi istehsal edilmişdisə, 2011-ci ildə 20 milyard kilovatt/saat, 2012-ci ildə isə 18 milyard kilovatt/saat istehsal edilib.
Rzayev qeyd edib ki, bu göstərici iqtisadiyyatın durğunluğunun göstəricisi deyil, çünki elektrik enerjisi qazlaşdırılmanın artımı fonunda azalır.
Onun sözlərinə görə, hazırda ölkə əhalisinin 90 faizi qazla təmin edilib.
Rzayev bildirib ki, 2025-ci ilədək Azərbaycanda iqtisadiyyatın və əhalinin sosial şəraitinin inkişafı fonunda elektrik enerjisinə tələbatın iki dəfə artması gözlənilir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO