SAM və Çinin Müasir Beynəlxalq Münasibətlər Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

SAM-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzin direktoru Fərhad Məmmədovun rəhbərliyi ilə azərbaycanlı mütəxəssislər ÇXR-in Müasir Beynəlxalq Münasibətlər Akademiyasında olub, strateji tədqiqatlar üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat qurumunun rəhbər və mütəxəssisləri ilə görüşüblər.

Görüş zamanı Azərbaycan və Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, regional xarakterli məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb, dərin tarixi köklərə malik əlaqələrin daha da möhkəmləndirilməsi üçün hər iki ölkənin imkanları müzakirə olunub. Eyni zamanda, bu əlaqələrin hərtərəfli genişləndirilməsində Çin və Azərbaycanın aparıcı “beyin mərkəzləri” arasında elmi əlaqələrin qurulmasının da əhəmiyyəti vurğulanıb.

Fərhad Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Çinlə əlaqələrinə inkişaf etdirilməsinə çox böyük önəm verir. Təsadüfi deyildir ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyev ilk rəsmi səfərlərindən birini məhz bu ölkəyə etmiş, indiyədək ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa dair mühüm sənədlər imzalanmışdır. Bu əlaqələrin möhkəmləndirilməsi Azərbaycan Respublikası Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir.

Görüşdə son illər ərzində Azərbaycan bir sıra sahələr üzrə Cənubi Qafqazın lider dövlətinə çevrildiyi barədə Çin tərəfinə məlumat verilib.

SAM direktoru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verərək qeyd edib ki, bu problemin indiyədək həllini tapmaması təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqaz regionunun inkişafını ləngidən əsas maneədir. Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe, beynəlxalq qurumların təcavüzkar dövlətə qarşı təsirli tədbirlər görməməsi, eləcə də dünyanın güc mərkəzlərinin işğalçı tərəfə və işğala məruz qalan dövlətə münasibətdə balanslaşdırılmış siyasət yürütmələri münaqişənin beynəlxalq norma və prinsiplərə əsasən həllinə ciddi maneədir.

Görüşün sonunda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Daha sonra SAM-ın direktoru Fərhad Məmmədov və mərkəzin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Rəşad Kərimov ÇXR-in Dövlət Şurasının İnkişaf Araşdırmaları Mərkəzi yanında fəaliyyət göstərən Avropa və Asiya Sosial İnkişaf İnstitutunda olub, qurumun icraçı direktoru Sun Çanxun ilə səmərəli fikir mübadiləsi aparbılar. Görüş zamanı Azərbaycan və Çin arasında əməkdaşlığın inkişaf etdirilməsinə, Avropa, MDB, Yaxın Şərq və Cənubi-Qərbi Asiya regionlarında müasir geosiyasi məsələlərə dair müzakirə aparılıb.

Hər iki görüşdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov da iştirak edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO