ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın Trend-ə müsahibəsi
– Siz 2012-ci ildə Azərbaycan ilə ABŞ arasındakı münasibətləri necə dəyərləndirirsiniz? 2013-cü ildə iki ölkə arasında əməkdaşlığın perspektivlərini necə görürsünüz?
– ABŞ və Azərbaycan arasında əlaqələr 2012-ci ildə çox yaxşı olub. Ümidvaram ki, 2013-cü ildə də bu belə olacaq. Biz bir çox sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq edirik. Biz Azərbaycana Əfqanıstanda öz qoşunlarını yerləşdirməklə bizə göstərdiyi köməyə, Əfqanıstana və oradan geriyə yüklərin daşınmasına, eyni zamanda, 2014-cü ildə Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra kömək göstərilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyə görə təşəkkürümüzü bildiririk. ABŞ və Azərbaycan terrorizmlə mübarizə, İranla bağlı məsələlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əməkdaşlıq edirlər.
Bundan başqa, biz artıq neçə illərdir ki, enerji sahəsində də əməkdaşlıq edirik. 2012-ci ildə bu sahədə bir sıra irəliləyişlər olub. Ümid edirik ki, bu irəliləyişlər 2013-cü ildə də davam edəcək. “Şahdəniz” layihəsindən hasil olunacaq qazın Türkiyə ərazisindən keçməklə Avropaya nəql olunması ilə bağlı irəliləyişlər olub, TANAP layihəsi ilə bağlı saziş əldə olunub və bu layihədə ARDNŞ-nin maraqları təmin olunur, BP və Azərbaycan hökuməti arasında yaranan məsələlər nizama düşməyə başlayıb. Ötən il təhlükəsizlik sahəsində, o cümlədən enerji infrastrukturunun mühafizəsi və Xəzər dənizində təhlükəsizlik sahəsində də əməkdaşlıq etmişik. Biz qeyri-neft sahəsində də əməkdaşlığımızı davam etdirmişik və Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsi mühümdür. Bundan başqa, biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasını istəyirik və bu sahədə də əməkdaşlıq edirik.
Biz demokratiya və insan haqları istiqamətində də əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirik. Dekabr ayında Azərbaycan dövləti tərəfindən əfv sərəncamının verilməsi bizi sevindirdi. Biz gələcəkdə bu sahədə də irəliləyişlərin olmasını gözləyirik.
Bu il Azərbaycanda seçki ilidir. Biz digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ədalətli və azad seçkilərin keçirilməsini səbirsizliklə gözləyirik və buna ümid edirik. Dövlət katibi Hillari Klintonun ötən il Azərbaycana səfəri zamanı dediyi kimi, bizim ən yaxşı əlaqələrimiz demokratiya və insan haqları sahəsində ən yaxşı nəticələr əldə edən ölkələrlədir. Biz bu sahədə əməkdaşlığı səbirsizliklə gözləyirik.
– ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi fəaliyyət göstərir, lakin vasitəçilik prosesində heç bir real nəticə əldə olunmayıb. Rəsmi Vaşinqton bu problemin həlli istiqamətində nə kimi işlər görmək niyyətindədir?
– Mən Azərbaycanda Dağlıq Qarabağ məsələsi ilə bağlı mövcud olan məyusluğu anlayıram. Dağlıq Qarabağ məsələsinin bütün azərbaycanlılar üçün nə qədər ağrılı olduğunu anlayıram. Siyasi mövqeyindən asılı olmayaraq, Dağlıq Qarabağ məsələsi hər bir azərbaycanlı üçün narahatlıq doğuran məsələdir. Minsk qrupunun fəaliyyətinə gəldikdə, biz bu prosesi dəstəkləməkdə davam edəcəyik. Biz bütün bacardığımızı edəcəyik ki, danışıqlarda irəliləyişin olmasına kömək edək. Mən Azərbaycanın yüksək səviyyəli rəhbərliyi ilə sıx əməkdaşlıq şəraitində işləyəcəyəm ki, bu məsələdə irəliləyişə nail olaq. Bu proses Minsk qrupundan olan həmsədrlərlə əməkdaşlıq şəraitində aparılır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hər kəsin marağındadır. İnanıram ki, bu problemin həll olunması üçün yüksək səviyyədə siyasi iradə ortalığa qoyulacaq. Biz bunun üçün əlimizdən gələni edəcəyik.
– Siz Azərbaycanın regionda sülhün və təhlükəsizliyin qorunmasındakı rolunu necə dəyərləndirirsiniz və ABŞ bu istiqamətdə Azərbaycana nə kimi kömək göstərməyi planlaşdırır?
– Azərbaycan bölgədə terrorizmlə mübarizə sahəsində çox önəmli bir tərəfdaşdır və biz Azərbaycanla bir tərəfdaş kimi, enerji infrastrukturunun mühafizəsi, misal üçün, təlimlərin gücləndirilməsi sahəsində kömək göstərəcəyik. Güclü tərəfdaşlığımızı davam etdirmək niyyətindəyik.
Azərbaycan çox böyük potensiala malikdir – bura həm Azərbaycanın təbii resursları, həm də insan resursları daxildir. Prezidentin Nazirlər Kabinetində ilin yekunlarına dair keçirilən iclasda bildirdiyi kimi, korrupsiya çox ciddi məsələdir və bu problem aradan qaldırılmalıdır ki, bütün vətəndaşlar sabit cəmiyyətdə yaşaya bilsinlər və onlar üçün imkanlar yaradılsın.
Biz qeyd etdiyimiz məsələlər üzrə Azərbaycan ilə əməkdaşlığımızı səbirsizliklə gözləyirik. Azərbaycan bu addımları atsa, yalnız bu bölgədə deyil, həm də dünya səviyyəsində güclü dövlətə çevriləcək. Azərbaycan böyük imkanlara malikdir və ümid edirik ki, bu imkanlardan istifadə edəcəyik.
– Azərbaycanın regional və Avropanın enerji təhlükəsizliyinin güclənməsində, həmçinin Mərkəzi Asiyanın enerji resurslarının Qərbə nəql edilməsindəki rolunu necə dəyərləndirirsiniz?
– Mən Azərbaycana səfir təyin edilməzdən əvvəl uzun illər Azərbaycanla enerji sahəsində mütəxəssis kimi çalışmışam və deyə bilərəm ki, Azərbaycan enerji sahəsində çox böyük rol oynayır. ABŞ-ın Azərbaycanla enerji sahəsindəki əməkdaşlığı iki ölkənin ikitərəfli münasibətləri sahəsində ən güclü əlaqələrdən biri olub. Bakı-Tbilisi-Ceyhan xəttinin çəkilməsi buna gözəl nümunə olub. İndi Azərbaycanın qaz hasilatı ilə məşğul olmağa başlaması Türkiyə və Avropanın enerji bazarlarının diversifikasiyası üçün geniş imkanlar yaradır. Azərbaycan bu prosesdə bir lider rolunda çıxış edən ölkədir və bu sahədə əməkdaşlığımızı davam etdirməyi gözləyirik.
– Azərbaycan şirkətləri ölkə hüdudlarından kənarda aktiv investisiyalar qoyurlar. ABŞ-ın Azərbaycan investorlarına hər hansı marağı varmı?
– ABŞ-da işləmək istəyən, sərmayə qoymaq istəyən Azərbaycan şirkətlərinin sayı kifayət qədərdir və onların imkanları get-gedə artır və hesab edirəm ki, bu şirkətlər ABŞ iqtisadiyyatına töhfə verə bilərlər və Azərbaycan şirkətləri belə bir işdə maraqlı olarsa, biz bunu yalnız həvəsləndirə bilərik. Düşünürəm ki, qarşıdan gələn bir neçə il ərzində bu əməkdaşlıq daha da dərinləşəcək və xüsusilə, hava nəqliyyatı sahəsində irəliləyişlər gözlənilir. Azərbaycandan ABŞ-a birbaşa hava uçuşlarının həyata keçirilməsi də gələcəkdə mümkün ola bilər.
– İrana qarşı tətbiq olunan sanksiyalar ölkənin nüvə proqramının dayandırılmasına necə təsir göstərir?
– Biz düşünürük və bilirik ki, İrana qarşı sanksiyalar öz təsirini göstərib və təsirə malikdir. Prezident Obama öz bəyanatlarında dəfələrlə bildirib ki, biz sərt sanksiyalar siyasətini, eyni zamanda, diplomatiya siyasətini davam etdirəcəyik. Ümidvarıq ki, sanksiyalar və diplomatiya son nəticədə nüvə məsələsinin həllinə gətirib çıxaracaq və qeyd etmək istəyirəm ki, bu ayın sonlarında bu məsələ ilə bağlı bir görüşün baş tutması ehtimalı var. Və ümidvarıq ki, əgər bu görüş baş tutarsa, həmin məsələ ilə bağlı müəyyən razılıq da əldə oluna bilər. Bununla yanaşı, Prezident Obama öz bəyanatlarında aydın şəkildə bildirib ki, nüvə silahına malik olan İran qəbuledilməzdir.