Azərbaycan Xarici İşlər Nazirliyi 2012-ci ilin yekunlarını qiymətləndirib

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilin yekunlarına dair buraxılışda deyilir ki, Azərbaycanın 2012-ci il ərzində Azərbaycan hüquqi dövlətə və açıq cəmiyyətə malik, beynəlxalq miqyasda nüfuzu artan, beynəlxalq təhlükəsizlik və əməkdaşlığa töhfələr verən, dinamik templə inkişaf edən və zəngin mədəniyyətə sahib olan ölkə olaraq güvənilən və arzu olunan tərəfdaş kimi beynəlxalq aləmdə öz mövqelərini daha da möhkəmləndirmişdir.
Ölkənin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə, milli maraqların təmin olunmasına və beynəlxalq arenadakı nüfuz və təsir gücünün artırılmasına istiqamətlənmiş Azərbaycan Respublikasının diplomatik fəaliyyəti üçün 2012-ci il dolğun və dinamik bir il olmuşdur. Ötən illərdə olduğu kimi, xarici siyasət kursu möhkəm və dəyişməz olaraq qalmış və aşağıdakı prioritetlərin reallaşdırılmasına yönəlmişdir: Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və ölkənin təhlükəsizliyinə olan hədələrin aradan qaldırılması; dünyanın bütün ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi; Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və daxili inkişaf üçün həmin münasibətlərdən effektiv şəkildə istifadə edilməsi; qlobal risklər və təhdidlərlə mübarizə; regionda təhlükəsizlik və stabilliyin gücləndirilməsi; Avropa və Avro-Atlantik strukturlar ilə tərəfdaşlıq; ölkənin əhəmiyyətli coğrafi mövqeyindən istifadə edərək milli iqtisadiyyatın, o cümlədən, enerji və nəqliyyat layihələrinin inkişaf etdirilməsi; plüralist demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi; xarici mədəni və humanitar əlaqələrin inkişafı.
Qeyd edilən prioritetlərə uyğun olaraq Azərbaycan Respublikası 2012-ci ildə xarici ölkələr və beynəlxalq təşkilatlar ilə əməkdaşlığını daha da gücləndirmişdir. Bu dövrdə Azərbaycan Respublikasının Prezidenti 12 ölkəyə və beynəlxalq təşkilatın mənzil-qərargahına səfər etmiş və 21 ölkənin dövlət və hökumət başçıları Azərbaycanda qəbul edilmişdir. Bundan başqa, xarici ölkələrlə diplomatik əlaqələr daha da genişləndirilmişdir. 2012-ci ildə Azərbaycan əlavə olaraq 2 ölkə ilə diplomatik münasibətlər qurmuşdur. Həmçinin, İsveçrə Konfederasiyası, Braziliya Federativ Respublikası, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri və Monteneqroda Azərbaycanın diplomatik nümayəndəliyi təsis edilmiş, Argentina Respublikası, Qırğız Respublikası və Əfqanıstan İslam Respublikası Azərbaycanda öz diplomatik nümayəndəliyini açmışdır. Beləliklə, Azərbaycanın

xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında diplomatik və konsulluq nümayəndəliklərinin sayı 87-yə çatmışdır.
Azərbaycan Respublikasının xarici siyasəti üçün 2012-ci ildə ən ümdə vəzifə ölkənin ərazi bütövlüyünün siyasi yolla bərpa olunması məsələsi olmuşdur. Bu məqsədlə, Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan siyasi prosesdə öz iştirakını davam etdirmişdir. Təəssüf ki, Ermənistan öz destruktiv siyasətini davam etdirərək, məsələnin sülh yolu ilə həllinə imkan verməmişdir. Ermənistan təkcə siyasi təmaslar zamanı nümayiş etdirdiyi destruktiv mövqeyi ilə deyil, həm də münaqişə zonasında törətdiyi ciddi provokasiyaları ilə vəziyyəti daha da mürəkkəbləşdirməyə çalışmışdır. Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu münaqişənin həlli qarşısında duran əsas maneədir və Azərbaycan tərəfi bu məsələni danışıqlar zamanı əsas arqument kimi qaldırmışdır.
Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesi çərçivəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə və eləcə də münaqişənin bu prinsiplər əsasında həllinə beynəlxalq ictimaiyyətin dəstəyini əldə etmək məqsədi ilə diplomatik səylərini davam etdirmişdir. NATO-nun 2012-ci ilin may ayında Çikaqoda keçirilmiş sammitinin; Qoşulmama Hərəkatının 2012-ci ilin may ayında Şarm-əl-Şeyx şəhərində keçirilmiş xarici işlər nazirləri iclasının və 2012-ci ilin avqust ayında Tehranda keçirilmiş sammitinin; İslam Əməkdaşlıq Təşkilatının 2012-ci ilin avqust ayında Məkkədə keçirilmiş dördüncü fövqəladə Zirvə Toplantısının və 2012-ci ilin sentyabr ayında Nyu-York şəhərində və 2012-ci ilin oktyabr ayında Cibutidə keçirilmiş Xarici İşlər Nazirləri Şurasının iclaslarının; İqtisadi Əməkdaşlıq Təşkilatının 2012-ci ilin oktyabr ayında Bakıda keçirilmiş Zirvə Toplantısının yekun qərarlarında Azərbaycan Respublikasının siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə və münaqişənin bu prinsiplər çərçivəsində həllinə dəstək ifadə olunmuşdur.
2012-ci ildə münaqişə həqiqətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılıq səviyyəsi daha artmış və bunun nəticəsində müxtəlif instansiyalarda münaqişənin bu və ya digər aspektlərinə münasibət bildirən qərarlar qəbul olunmuşdur. Ermənistanın işğalçı siyasəti, onun azərbaycanlılara qarşı törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən, Xocalı soyqırımı Meksika Senatının qəbul etdiyi qərarın ardınca, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının, Pakistan İslam Respublikasının Senatının Xarici Əlaqələr Komitəsinin, Kolumbiya Senatının, ABŞ-ın Men və Corciya ştatlarının parlamentlərinin qəbul etdiyi sənədlərdə və eləcə də Nyu-Cersi ştatının qubernatorunun verdiyi bəyanatda pislənmişdir.
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə başladığı 2012-ci il Azərbaycan Respublikası üçün beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına yardım etmək baxımından əlamətdar bir dövr olmuşdur. Azərbaycan 2012-ci ildə TŞ-nin fəaliyyətində aktiv iştirak etmiş və beynəlxalq sülh və təhlükəsizliyə aid məsələlərdə prinsipial mövqe nümayiş etdirmişdir. Bu dövrdə Azərbaycan Respublikası üçün xüsusilə mühüm hadisə 2012-ci ilin may ayı ərzində Təhlükəsizlik Şurasına sədrliyi olmuşdur. 2012-ci ilin 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş yüksək səviyyəli iclası keçirilmişdir. İclasda BMT-nin Baş katibi, üzv ölkələrdən nazirlər və digər yüksək səviyyəli şəxslər iştirak etmişdir. Sözügedən iclas terrorizmə qarşı beynəlxalq mübarizəyə töhfə təşkil etməklə yanaşı, bir sıra regional məsələlərin hərtərəfli müzakirəsi, o cümlədən, Ermənistanın dövlət terroru siyasətinin ifşa edilməsi baxımından əlamətdar olmuşdur. İclasın nəticəsi olaraq qəbul olunan TŞ sədrinin bəyanatında Şura üzvləri terrorizmin bütün növlərini pisləmiş və BMT üzvü ölkələrin suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət etməsinin zəruriliyi və dini və mədəni müxtəlifliyə hörmətin əhəmiyyəti vurğulanmışdır.
Bu dövrdə Azərbaycan BMT-nin digər orqanları və ixtisaslaşmış qurumlarının işində fəal iştirak etmişdir. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası 2012-ci ildə bir sıra qətnamələr qəbul etmişdir. Bu xüsusda, “İtkin düşmüş şəxslər” adlı qətnamə və “Transmilli Avrasiya Super İnformasiya Magistralı” layihəsinin həyata keçirilməsi ilə bağlı qətnamə qeyd edilməlidir. Azərbaycan BMT-nin ixtisaslaşmış təşkilatlarından olan YUNESKO-nun işində 2012-ci ildə də uğurlu fəaliyyətini davam etdirmişdir. Həmin ildə “Azərbaycan tar ifaçılıq sənəti” nominasiyası YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bundan başqa, 2012-ci ilin 12 dekabr tarixində YUNESKO-da Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitə Azərbaycanın təşəbbüsü ilə “İşğal edilmiş ərazidə mədəni mülkiyyətin qorunması haqqında” qərar qəbul etmişdir. Bundan başqa, 2012-ci ildə Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə üzv seçilmişdir.
Qoşulmama Hərəkatının nisbətən yeni üzvləri sırasında olan Azərbaycan 2012-ci ildə təşkilat daxilində siyasi məsləhətləşmələrdə fəal iştirak etmiş, Hərəkatın məqsəd və prinsiplərinin irəlilədilməsi və “Cənub-Cənub” istiqamətində siyasi həmrəylik və praktiki əməkdaşlığın gücləndirilməsi üçün bir sıra təkliflərlə çıxış etmişdir. Azərbaycan Hərəkatın 2012-ci ildə keçirilmiş Tehran Zirvə Görüşü, Şarm-əl-Şeyx Nazirlər İclası və Koordinasiya Bürosunun səfirlər səviyyəsində iclaslarında fəal iştirak etmişdir. Hərəkata üzvlük sayəsində Azərbaycan bu qurumun digər 119 üzvü ilə siyasi təmaslar qurmaq və sıxlaşdırmaq üçün əvəzsiz imkan əldə etmişdir. Hərəkatın Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi məlum qərarlar onun üzvlərinin təşkilatın məqsəd və prinsiplərinə bağlılığını göstərən əlamətdar bir hal olmuşdur.
Azərbaycan 2012-ci ildə beynəlxalq sülhün və inkişafın bərqərar olunması baxımından böyük təsirə malik qlobal və regional təhlükəsizlik məsələlərinə dair beynəlxalq proseslərdə yaxından iştirak etmişdir. Azərbaycan Respublikası yayılmama, nüvə təhlükəsizliyi, beynəlxalq terrorçuluq və kiber təhdidlərə qarşı beynəlxalq mübarizəyə öz töhfələrini davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ilin 26-27 mart tarixlərində Seulda keçirilmiş II Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmişdir. Ölkəmiz bu sahədə əsas beynəlxalq təşəbbüslərdən biri olan Nüvə Terrorçuluğu ilə Mübarizə üzrə Qlobal Təşəbbüsə tərəfdaş dövlət qismində qoşulmuşdur.
Azərbaycan beynəlxalq terrorçuluğa qarşı mübarizə və regional təhlükəsizlik üçün böyük təhdidlərə malik Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üçün 2012-ci ildə müxtəlif formatlarda və sahələrdə bu ölkəyə yardımlarını davam etdirmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin kontingenti NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatında iştirakını davam etdirmişdir. Azərbaycan həmçinin, ISAF əməliyyatı üçün hava və quru tranziti dəstəyi göstərmiş, Əfqan Ordusu üzrə Etimad Fonduna 2 milyon avro dəyərində maliyyə ianəsi vermiş və ikitərəfli proqramlar çərçivəsində humanitar mina təmizləmə, fövqəladə hallar üçün təhsil və kadr hazırlığı sahələrində yardımlar etmişdir. Həmçinin, Azərbaycan və Gürcüstanın təşəbbüsü ilə NATO-nun mənzil qərargahında Bakı-Tbilisi-Qars layihəsinin inauqurasiyası ilə bağlı təqdimat keçirilmişdir. Azərbaycan 2012-ci ildə Əfqanıstanın birbaşa və regional qonşuları olan dövlətlərdən ibarət olan İstanbul prosesinə qoşulmuşdur. Azərbaycan 2012-ci ildə Əfqanıstanda inkişaf məsələlərinə həsr olunmuş Kabul prosesi və Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) iştirakını davam etdirmişdir.
2012-ci il ərazində Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (AİDA) Qəzza bölgəsində hərbi toqquşmalar nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına maliyyə yardımı göstərmişdir. Həmçinin, Suriyada yaşanan məlum hadisələr nəticəsində bu ölkədən qaçqın düşmüş və İordaniyanın Əmman şəhərində məskunlaşmış insanların həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti maliyyə yardımı ayırmışdır.
AİDA və İslam İnkişaf Bankı arasında Afrikanın 9 ölkəsində görmə qabiliyyətinin itirilməsi ilə mübarizə kampaniyasının aparılması barədə razılıq əldə olunmuşdur. Qeyd edilən humanitar aksiya çərçivəsində Burkina Fasonun paytaxtı Uaqaduqada və Çadın paytaxtı Encamenada ödənişsiz əsasda göz-katarakt əməliyyatları keçirilmiş, ümumilikdə görmə qabilliyyətini qismən və ya tamamilə itirmiş 1258 insan əməliyyat olunmuşdur.
Bundan əlavə, Burkina Fasoda baş vermiş quraqlıq nəticəsində yaranmış humanitar böhranın və Qəmər adalarında daşqınlar nəticəsində içməli su və ərzaq qıtlığının aradan qaldırılması məqsədilə maliyyə yardımları ayırmışdır.
BMT-nin İnkişaf Proqramı və AİDA inkişaf etməkdə olan ölkələrin Dövlət Müəssisələrində Potensialın Gücləndirilməsi layihəsi çərçivəsində Əfqanıstanda Elektron hökumət sisteminin qurulmasına maliyyə dəstəyi ayırmışdır. Sözügedən layihə BMT-nin İnkişaf Proqramı, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AİDA-nın sıx əməkdaşlığı çərçivəsində həyata keçiriləcək və Əfqanıstan hökumətinin nazirliklərində qeyd olunan sahə üzrə kadrların hazırlanması və hökumətin ümumilikdə səmərəli fəaliyyətinin təşkilinə xidmət edəcəkdir.
Cari il ərzində AİDA Agentliyi inkişaf edən ölkələrdən olan tələbə və mütəxəssislərə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq və öz ixtisaslarını təkmilləşdirmək üçün müvafiq şəraiti yaratmışdır.
Azərbaycan Respublikası 2012-ci ildə Avropa və Avro-Atlantik strukturları ilə tərəfdaşlığını davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 fevral 2012-ci il tarixində NATO mənzil-qərargahına səfər etmiş və 22 may tarixində Çikaqoda keçirilmiş NATO-nun ISAF əməliyyatı iştirakçısı ölkələrinin sammitində iştirak etmişdir.

Hazırda Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında münasibətləri tənzimləyən əsas hüquqi sənəd olan 1996-cı il Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz edəcək yeni sənəd üzrə 2012-ci ildə Azərbaycan və Aİ arasında təmaslar davam etdirilmişdir. Azərbaycan Respublikası həmçinin, Aİ Şərq Tərəfdaşlığı (ŞT) çərçivəsində iştirakını davam etdirmişdir. Azərbaycan Avropa Parlamenti və ŞT ölkələrinin parlamentləri arasında təsis edilmiş “AVRONEST” Parlament Assambleyasının 2-ci plenar iclasına 3-4 aprel 2012-ci il tarixlərində ev sahibliyi etmişdir.

2012-ci ildə Azərbaycan ortaq dəyərləri paylaşdığı ölkələri özündə birləşdirən təşkilatlar olan İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işində fəal iştirak etmişdir. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının 14-15 avqust tarixlərində Məkkədə keçirilmiş dördüncü fövqəladə Zirvə Toplantısında, 29 sentyabr 2012-ci ildə Nyu-York şəhərində və 15-17 oktyabr 2012-ci ildə Cibutidə keçirilmiş Xarici İşlər Nazirləri Şurasının iclaslarında iştirak etmişdir. 10 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatına 3 milyon ABŞ dolları həcmində könüllü yardım etmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2012-ci ildə Bişkek şəhərində keçirilmiş sammiti üzv ölkələr arasında siyasi məsləhətləşmələrin gücləndirilməsi, o cümlədən, təhsil və nəqliyyat dəhlizlərinin inkişafı sahələrində praktiki əməkdaşlığın inkişaf etdirilməsi barədə mühüm qərarlar qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi qərarlar üzv ölkələr arasında siyasi həmrəyliyi daha da möhkəmləndirmişdir.
Çoxtərəfli beynəlxalq əməkdaşlıq münasibətlərimiz bir sıra regional təşkilatlar, o cümlədən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Tədbirləri üzrə Müşavirə, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində davamlı olaraq inkişaf etdirilmişdir. Azərbaycan Respublikasının 2012-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına və GUAM-a sədrliyi dövründə bu təşkilatlar daxilində siyasi məsləhətləşmə və praktiki əməkdaşlıq baxımından mühüm addımlar atılmışdır.
2012-ci ildə Azərbaycan Respublikasının xüsusilə enerji məsələləri daxil olmaqla, xarici iqtisadi əlaqələri sahəsində bir sıra mühüm uğurlar əldə edilmişdir. 2012-ci ilin iyun ayında Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə Hökumətlərarası Saziş və Ev Sahibliyi haqqında Saziş imzalanmışdır.
Xəzər dənizi hövzəsində əməkdaşlıq məsələsi Azərbaycan Respublikasının xarici siyasətində əhəmiyyətli istiqamət olmaqda davam etmişdir. Sahilyanı ölkələr arasında əməkdaşlıqda Xəzər dənizində ekologiya məsələləri mühüm yer tutmuş və “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” çərçivəsində Xəzərdə ekologiyanın mühafizəsi üzrə bir sıra əlavə praktiki addımlara dair razılaşma əldə olunmuşdur.
2012-ci ildə Xarici İşlər Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiəsi və onlara göstərilən konsul xidmətinin səmərəliliyinin və intensivliyinin artırılması və bu sahədə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyət təşkil etmişdir.
2012-ci ildə XİN-in rəhbərliyi ilə Azərbaycan Respublikası və Aİ arasında readmissiya və viza prosedurlarının sadələşdirilməsinə dair sazişlər üzrə danışıqlar başlamışdır.
Diplomatik xidmətin effektivliyinin artırılması məqsədi ilə kadr hazırlığı məsələsinə böyük diqqət verilmişdir. Bu dövrdə diplomatik xidmət əməkdaşlarının treninqi davam etdirilmiş, bu sahədə akademik və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində miqyaslı tədbirlər görülmüşdür. Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının yeni binası 2012-ci ildə istifadəyə verilmişdir. Hazırda Diplomatik Akademiya təkcə Xarici İşlər Nazirliyi və digər dövlət orqanlarının əməkdaşlarının təlimi müəssisəsi kimi deyil, həm də beynəlxalq miqyasda tanınmış təhsil mərkəzinə çevrilmişdir.
2012-ci ildə həmçinin, diplomatik xidmət əməkdaşlarının təminatının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
2012-ci ilin 21-23 sentyabr tarixlərində keçirilmiş diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsi Azərbaycan Respublikasının xarici siyasətinin təhlili və gələcək vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm hadisə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müşavirədə etdiyi proqram xarakterli çıxış yaxın, orta və uzaq perspektivdə xarici siyasət üçün prioritetləri müəyyənləşdirmişdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO