Yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyev and içib

Yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyev and içibBu gün Heydər Əliyev Sarayında yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasim fəxri qarovulun düzülməsi ilə başlayıb. Daha sonra zala Azərbaycanın dövlət bayrağı və Azərbaycan prezidentinin ştandartı gətirilib. Bundan sonra Konstitusiya Məhkəməsinin hakimləri dəvət olunub. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu il oktyabrın 15-də keçirilmiş prezident seçkisində İlham Əliyevin növbəti müddətə Azərbaycan prezidenti seçilməsi ilə bağlı nəticələri əks etdirən qərarı elan edib.
Bundan sonra seçkilərdə qalib gəlmiş İlham Əliyev Azərbaycan Konstitusiyasına və müqəddəs Qurani-Kərimə əl basaraq and içib və Azərbaycanın dövlət bayrağını öpüb.
Daha sonra Azərbaycanın dövlət himni səslənib. Dövlət başçısı İ. Əliyev and içdikdən sonra geniş nitq söyləyib. Prezident nitqinə ona bu etimadı göstərmiş Azərbaycan xalqına təşəkkürlə başlayıb. Azərbaycan prezidenti seçkilərdə namizədliyini irəli sürən və təbliğat kampaniyasında fəallıq nümayiş etdirən YAP-a, seçkilərdə onu dəstəkləyən bütün təşkilatlara, o cümlədən müxalifət partiyalarına da təşəkkürünü bildirib. Dövlət başçısı seçkilərinin nəticələrinin elan olunmasından sonra onu təbrik etmiş rəqiblərinə də təşəkkür edib. Prezident dövlət başçısı olduğu əvvəlki 5 il ərzində görülmüş işlər barədə ətraflı məlumat verib. Azərbaycan prezidenti ölkənin qarşısındakı əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi olduğunu deyib. Azərbaycanın danışıqları yalnız ölkənin ərazi bütövlüyü çərçivəsində apardığını deyən ölkə başçısı qeyd edib ki, Dağlıq Qarabağa heç bir vaxt müstəqillik verilməyəcək və bu heç zaman danışıqların predmeti olmayacaq. Prezident vurğulayıb ki, bu münaqişədə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. İ. Əliyev prezident olacağı növbəti 5 ildə də Heydər Əliyev siyasətinin davam etdiriləcəyini, iqtisadi, hərbi, sosial və digər sahələrdə ölkənin daha da inkişafı üçün lazımi addımların atılacağını vurğulayıb. Prezident ordu quruculuğu prosesindən, infrastruktur layihələrindən danışıb, Azərbaycandakı iqtisadi inkişafın beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini deyib. Ölkədə siyasi və iqtisadi islahatların paralel aparılmasının gələcək uğurları şərtləndirdiyini deyən prezident bu xəttin davam etdiriləcəyini vurğulayıb. İnauqurasiya mərasimində dövlət və hökumət üzvləri, xarici qonaqlar, Azərbaycandakı diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə Gürcüstan prezidenti Mixail Saakaşvili, Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak ediblər. Andiçmə mərasimini Bakı buxtasındakı gəmilərdən açılan yaylım atəşləri ilə müşayiət olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO