Azərbaycanın orta məktəblərində müəllim işləmək istəyənlər üçün yeni xəbər

Azərbaycanda orta məktəblərdə pedaqoji ixtisaslar üzrə ali təhsilin yalnız magistratura səviyyəsini bitirmiş şəxslərin dərs deməsi təklif edilib. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı cümə axşamı Trend-ə bildirib ki, orta məktəblərdə ali təhsilin bakalavr səviyyəsini bitirən şəxslərin dərs deməsi düzgün deyil. Bu məktəblərdə dərs deyən müəllimlərin hamısı magistratura səviyyəsi üzrə təhsil almış şəxslər olmalıdırlar.
“Bakalavr səviyyəsi tam ali təhsil hesab oluna bilməz. Tam ali təhsilsiz insan məktəbdə müəllim kimi necə dərs deyə bilər? Bakalavr səviyyəsini bitirənlər orta məktəblərdə köməkçi psixoloq və nə isə yardımçı kimi işləyə bilərlər. Məktəbdə dərs deyən müəllimlərin hamısı isə ixtisaslaşmış olmalıdırlar”, – Naxçıvanlı əlavə edib.
O qeyd edib ki, ali məktəblərdə mühazirə dərslərinin keçirilməsi yalnız elmi dərəcəsi olan müəllimlərə həvalə edilir. Elmi dərəcəsi olmayan müəllimlər isə seminar dərsləri keçir, praktikaya rəhbərlik edir.
Millət vəkilinin fikrincə, orta məktəblərdə də bunun mexanizmini tapmaq lazımdır.
Naxçıvanlı deyib ki, hazırda Azərbaycanda orta məktəblərdə işləyən müəllimlər arasında bakalavr səviyyəsini bitirənlər çoxluq təşkil edir.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin hər il müəllimlərin işə qəbulu üçün kecirdiyi müsabiqələrdə iştirak edən namizədlərin 99 faizi də ali təhsilin bakalavr səviyyəsini bitirənlər olur. Pedaqogika ixtisası üzrə magistaturanı bitirmiş gənclər isə elmi fəaliyyətlərini davam etdirirlər.
Naxçıvanlı deyib ki, Milli Məclisdə təhsillə bağlı məsələlər müzakirə edildikdə o da bu fikrini açıqlayacaq.
Qeyd edək ki, İsveçrədə ali təhsilin pedaqoji ixtisaslar üzrə bakalavr səviyyəsini bitirənlər ibtidai, magistr səviyyəsini bitirənlər isə yuxarı siniflərdə dərs deyirlər.
Naxçıvanlının fikrincə, Azərbaycanda belə təcrübənin tətbiqi də düzgün deyil. Onun sözlərinə görə, bakalavr səviyyəsini bitirən insanların orta məktəblərin ibtidai siniflərində dərs deməsi düzgün deyil.
“Məgər ibtidai siniflərdə müəllimin zəif olması düzgündürmü? Bütün müəllimin, şagirdin, vətəndaşın əsası ibtidai sinifdə qoyulur. Ona görə də ibtidai siniflərdə çox püxtələşmiş müəllimlər olmalıdır”, – Naxçıvanlı əlavə edib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO