BMT Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizə mövzusunda açıq müzakirələr keçirilib. Bu barədə APA Azərbaycanın BMT yanındakı Daimi nümayəndəliyinə istinadən məlumat verir. Pakistanın xarici işlər nazirinin sədrlik etdiyi iclasda BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasının bir sıra üzvlərinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
Məlumata əsasən, sözügedən yüksək səviyyəli iclasda ölkəmizi Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev təmsil edib. Öz çıxışında səfir Y.Əliyev Azərbaycanın dəfələrlə terror hücumlarının hədəfi olduğunu qeyd edərək, tarixi, irqi və dini əsasda nifrət ideologiyasına söykənən və dövlət dəstəyinə arxalanan bəzi beynəlxalq terrorçu təşkilatların fəaliyyətinin Azərbaycanın milli təhlükəsizliyinə və, bütövlükdə, Cənubi Qafqaz regionunun təhlükəsizliyinə ciddi təhdid olduğunu bildirib. Çıxışda həmçinin bildirilmişdir ki, terrorçuluqla mübarizə məsələsi 2012-ci ilin may ayında Azərbaycanın Təhlükəsizlik Şurasında sədrliyinin mərkəzi mövzusu olub. 2012-ci ilin 4 may tarixində məsələ üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında ölkə başçısının Azərbaycanın üzləşdiyi təhlükə və təhdidlər barədə məlumat və ətraflı təhlillər verdiyi diqqətə çatdırılıb. Ölkəmizin terrorçuluqla mübarizənin bir sıra aspektləri üzrə mövqeyi, gördüyü işlər, Bakıda keçirilmiş və keçiriləcək beynəlxalq səviyyəli tədbirlər barədə məlumat verilib.
Münaqişələr məsələsinə toxunan səfir Y.Əliyev, xarici hərbi işğal altında olan ərazilərin terrorçular və öz qanunsuz məqsədlərinə nail olmaq üçün terrordan istifadə edən qeyri-dövlət elementləri üçün münbit şərait yaratdığını bildirib. Onun sözlərinə görə, bu ərazilərdə beynəlxalq nəzarətdən gizlədilən külli miqdarda silah və texnikanın cəmləşdirilməsi, kütləvi qırğın silahlarının və aidiyyəti materialların qeyri-dövlət elementlərinin əlinə keçməsi təhlükəsi beynəlxalq və regional təhlükəsizliyə ciddi təhdiddir. Bununla əlaqədar, səfir Y.Əliyev münaqişənin həlli prosesinin beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin pozulmazlığına hörmət prinsipləri əsasında həllinin tezləşdirilməsinin vacibliyini vurğulayıb.
Ermənistanın bir sıra media vasitələrində “Ermənistan BMT Təhlükəsizlik Şurasında Azərbaycanı tənqid atəşinə tutdu” başlığı altında məlumat yayılıb. Ermənistanın Xarici İşlər Nazirliyinə istinadən yayılan məlumata əsasən, bu dövlətin BMT yanında daimi nümayəndəsinin iclasda etdiyi çıxışda guya “Azərbaycanın ermənilərə qarşı nifrət təbliğatı tənqid edilib”, “Dağlıq Qarabağın etnik ermənilərinin öz müqəddəratını təyin etmək hüququnun terrorçuluqla uzlaşdırılması qəbuledilməz sayılıb”, “Türkiyə-Ermənistan sərhədinin bağlı olmasının terrorçuluqla mübarizə üzrə əməkdaşlığa mənfi təsir göstərdiyi bildirilib”.
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata əsasən, öz çıxışında Ermənistan nümayəndəsi nəinki Azərbaycan və Türkiyənin adlarını çəkməyib, heç Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması barədə bir söz belə deməyib. BMT-nin rəsmi internet səhifəsində yerləşdirilmiş iclasın video yazısı və BMT-nin iclasla bağlı yaydığı mətbuat məlumatında Ermənistan nümayəndəsinin bəyanatından verilmiş çıxarışlar deyiləni şərhsiz sübut edir.
Azərbaycanın Daimi Nümayəndəliyi məsələyə münasibət bildirərək, bu halı Ermənistanın xarici siyasət orqanı və onun BMT-dəki nümayəndəsinin “şanlı qələbələri” barədə mətbuatda tez-tez yayılan yalan məlumatlar silsiləsindən növbəti biri kimi qiymətləndirib. Bildirilib ki, BMT çərçivəsində keçirilən tədbirlər, verilən bəyanatlar və yayılan sənədlər barədə həqiqəti təhrif etmək, iclaslarda qorxaqcasına susaraq sonradan mediada “yumruq davası aparmaq” Ermənistan nümayəndəsinə xas bir davranışdır. Ermənistan Xarici İşlər Nazirliyi və erməni səfirinin belə hərəkətlərinin məqsədi, bir tərəfdən, Ermənistan cəmiyyətinə yalan məlumat yedirtməklə Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu qarşısında Ermənistanın diplomatik uğursuzluqlarını pərdələmək, digər tərəfdən isə belə saxta və ucuz vasitələrlə rəhbərliyin gözündə özlərini yüksəltməkdir.
Erməni səfirinin “xalqların öz müqəddəratını təyin etmək hüququ” ilə bağlı söylədiklərinə dair xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın səyləri sayəsində sözügedən iclasın yekun sənədi kimi qəbul edilmiş bəyanata dövlətlərin beynəlxalq münasibətlərdə bir-birinin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güclə hədələməkdən və ya güc tətbiq etməkdən yayınmasına dair müddəa daxil edilib. Terrorçuluqla mübarizə sahəsində Təhlükəsizlik Şurasının qərarlarına Azərbaycanın ötən ilin may ayında sədrliyi dövründə daxil edilmiş bu prinsip Şuranın məsələyə dair birmənalı mövqeyini göstərir. Bu baxımdan, münaqişələrin həlli ilə bağlı məhz ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinin Təhlükəsizlik Şurası kimi mötəbər qurumun qərarında əks olunması fonunda Ermənistan səfirinin söylədikləri adi bir cəfəngiyatdır.
Apa.az