Çexiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bəyanatda seçkinin sakit gedişi yüksək dəyərləndirilir: “Çexiya Xarici İşlər Nazirliyi Azərbaycan hakimiyyət institutlarının demokratik seçkilər sahəsində beynəlxalq standartlara cavab vermək səylərini alqışlayır və inanır ki, ATƏT/DTİHB, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti müşahidəçilərinin birgə bəyanatında göstərilən çatışmazlıqların aradan qaldırılmasına maksimum diqqət göstəriləcək”.
Çexiya XİN seçkilərin keçirilməsində beynəlxalq müşahidəçilərin etiraf etdiyi nəzərə çarpacaq irəliləyişi Azərbaycanda demokratiya və azad cəmiyyətin inkişafı yolunda daha bir mühüm addım hesab edir: “Çexiya xarici siyasət idarəsi Azərbaycanın siyasi inkişafını, islahatların gedişini və sürətli iqtisadi yüksəlişini diqqətlə izləyir, iki ölkə arasında qarşılıqlı əlaqələrin maksimal dərəcədə intensiv dərinləşdirilməsinə hazırdır”.
Çexiya XİN qarşılıqlı sərfəli tərəfdaşlığın genişlənməsinin Azərbaycanın inkişafının bu önəmli mərhələsinin uğurla keçirilməsinə xidmət edəcəyinə əmindir.