Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanun.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Azərbaycan Respublikasının qanunu.

Maddə 1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi

Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi).
Hər bir vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur.
Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.
Maddə 2. Şəxsiyyət vəsiqəsinin növləri

Şəxsiyyət vəsiqəsinin bu növləri vardır:
1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
2) 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.
Şəxsiyyət vəsiqəsi növlərinin nümunələrini Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir.
Maddə 3. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar

16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı, verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti göstərilir; 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa vətəndaşın ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, gözlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxanda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir.[1]
Bu məlumatları şəxsiyyət vəsiqəsinə daxil edən müvafiq dövlət orqanının məsul əməkdaşı bunları öz imzası və gerbli möhürlə təsdiqləyir və məlumatların düzgünlüyünə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Maddə 4. Şəxsiyyət vəsiqəsinin verilməsi

Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir.
25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir.[2]
Maddə 5. Dövlət rüsumu

16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilməsi üçün dövlət rüsumunun məbləği qanunla müəyyən edilir. [3]
Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar sahibinin təqsiri olmadan təhrif edilərsə, yaxud şəxsiyyət vəsiqəsi vətəndaşın təqsiri olmadan itərsə və ya yararsız hala düşərsə dövlət rüsumu alınmadan şəxsiyyət vəsiqəsi onu verən orqan tərəfindən dəyişdirilir.
Vətəndaş 25, 35 və 50 yaşına çatdıqda, həmçinin onun soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bu maddənin birinci hissəsində müəyyənləşdirilmiş məbləğin yarısı miqdarında, dövlət rüsumu alınır.
Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə onun dəyişdirilməsi üçün minimum əmək haqqının iki misli məbləğində dövlət rüsumu alınır. [4]
Maddə 6. Şəxsiyyət vəsiqəsinin müvəqqəti alınması halları

Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda onun yaşadığı yerin hərbi komissarlığı, hərbi təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün yaşayış yeri üzrə müvafiq dövlət orqanına göndərir.[5]
Barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.[6]
Maddə 7. Şəxsiyyət vəsiqəsinin təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi

Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsi onu vermiş müvafiq dövlət orqanına göndərilir. [7]
Tapılmış şəxsiyyət vəsiqəsi onu verən dövlət orqanına təhvil verilməlidir.
Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş hallarda və müddətdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişmədikdə şəxsiyyət vəsiqəsi qüvvədən düşmüş hesab edilir.[8]
Maddə 8. Bu Qanunun tələblərini pozmağa görə məsuliyyət

Bu Qanunun tələblərinə zidd olaraq şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsində, onun verilməsi üçün vətəndaşdan nəzərdə tutulmayan sənədlər tələb edilməsində və ya şəxsiyyət vəsiqəsinin verilməsində (dəyişdirilməsində) süründürməçilik edilməsində, habelə şəxsiyyət vəsiqəsinin itirilməsində, qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.

Bakı şəhəri, 14 iyun 1994-cü il
¹ 817

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 13 fevral 1998-ci il tarixli 432-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 3, maddə 142)

2. 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6 maddə 328)

3. 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə 505)

4. 22 dekabr 2006-cı il tarixli 210-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1033)

5. 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 1, maddə 4)

6. 11 may 2010-cu il tarixli 1008-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2010-cu il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 5, maddə 386)

7. 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 71)

8. 15 noyabr 2011-ci il tarixli 230-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2011-ci il, ¹ 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə 1086)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 13 fevral 1998-ci il tarixli 432-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 3, maddə 142) ilə 3-cü maddənin birinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsində vəsiqənin seriyası və nömrəsi, vətəndaşın soyadı və adı, valideynlərinin soyadı və adı, onun doğulduğu yer və tarix, cinsi, qan qrupu, yaşadığı yer, şəxsiyyət vəsiqəsini verən orqanın adı və verilmə tarixi göstərilir; 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsində isə bu məlumatlardan başqa vətəndaşın milliyyəti, ailə vəziyyəti və hərbi vəzifəsi, boyu, közlərinin rəngi haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və fotoşəkli əlavə edilir, habelə yuxarıda göstərilənlərdən fərqli olaraq, valideynlərinin soyadı və adı əvəzinə atasının adı göstərilir.
11 may 2010-cu il tarixli 1008-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 may 2010-cu il, ¹ 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 5, maddə 386) ilə 3-cü maddəsinin birinci hissəsində “və verilmə tarixi” sözləri “, verilmə tarixi və şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti” sözləri ilə əvəz edilmişdir.

[2] 22 dekabr 2006-cı il tarixli 210-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1033) ilə 4-cü maddənin ikinci hissəsində “şəxsiyyət vəsiqəsini” sözlərindən sonra “sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində” sözləri əlavə edilmişdir.

[3] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə 505) ilə 5-ci maddəsinin birinci hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
16 yaşına çatmış vətəndaşlara şəxsiyyət vəsiqəsi ilk dəfə verilərkən minimum əmək haqqının bir misli məbləğində dövlət rüsumu alınır

[4] 30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə 505) ilə 5-ci maddənin ikinci, üçüncü və dördüncü hissələri çıxarılmışdır.

[5] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, ¹ 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, ¹ 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 02, maddə 71) ilə 6-cı maddəsinin birinci hissəsində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

[6] 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 6 maddə 328) ilə 6-cı maddənin ikinci hissəsinin birinci cümləsində “azadlıqdan məhrum edilməyə məhkum olunmuş yaxud mütləq əməyə cəlb edilməklə azadlıqdan məhrum olunmağa şərti” sözləri “azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya” sözləri ilə, “məhkəmə qərarlarını” sözləri “cəzanı” sözü ilə əvəz edilmişdir.
15 noyabr 2011-ci il tarixli 230-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2011-ci il, ¹ 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə 1086) ilə 6-cı maddəsinin ikinci hissəsindən “azadlığın məhdudlaşdırılması,” sözləri çıxarılmışdır.

[7] 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 1, maddə 4) ilə 7-ci maddəsinin birinci hissəsində “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanına ” sözləri “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana ” sözləri ilə əvəz edilmişdir.

[8] 22 dekabr 2006-cı il tarixli 210-IIIQD nömrəli Qanun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1033) ilə 7-ci maddədə maddənin adında “verilməsi” sözündən sonra “və qüvvədən düşmüş hesab edilməsi” sözləri əlavə edilmişdir, yeni məzmunda üçüncü hissə əlavə edilmişdir;

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO