“Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərini pozduqlarına görə, Azərbaycanda 2012-ci ilin ötən dövrü ərzində 3762 nəfər fiziki, 4247 vəzifəli, 374 hüquqi şəxs barəsində protokol tərtib edilib, bütövlükdə 8383 nəfər inzibati məsuliyyətə cəlb edilib”. APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Elmar Hüseynov “Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda keçirilən seminar-müşavirədə bildirib. O deyib ki, yanğın təhlükəsizliyi qaydalarını pozanlar ümumilikdə 346 min manat cərimə olunub: “Dövlət Yanğın nəzarəti xidməti tərəfindən yanğın təhlükəsizliyi tələblərini yerinə yetirmədiyinə görə 500-ə yaxın obyektin istismarı dayandırılıb. Bizim tərəfimizdən müalicə müəssisələrində mütəmadi gecə yoxlamaları keçiriləcək”.
E. Hüseynov tibb işçilərinə çağırış edərək bildirib ki, hər bir tibb işçisi, texniki əməkdaş yanğın zamanı zəruri hərəkətləri bilməlidir: “Bayram şənlikləri, kino seanslar, tamaşalar, konsert və digər kütləvi tədbirlərin təşkili zamanı yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilməlidir”.
O deyib ki, bütün səhiyyə və digər sosial müəssisələrdə müvafiq normalara uyğun sayda ilkin yanğınsöndürmə vasitələri olmalıdır.
Apa.az