Azərbaycanda yeni yaradılan komissiyanın üzvləri müəyyənləşdirildi

Nazirlər Kabineti yanında yeni yaradılan Terminologiya Komissiyasının üzvləri müəyyənləşdirilib. Komissiyanın üzvü Sayalı Sadıqova bazar ertəsi Trend-ə bildirib ki, üzvlər Baş nazir Artur Rasizadənin imzaladığı sərəncamla təsdiqlənib. Komissiyanın üzvü olmaq üçün 30 nəfərin namizədliyi verilsə də, onlardan yalnız 16-sının üzvlüyü təsdiqlənib. Komissiyanın sədri AMEA prezidenti Mahmud Kərimovdur. Komissiyanın üzvləri dilçilik, ədəbiyyyatşünaslıq, incəsənət sahəsində çalışan aparıcı şəxslərdir.
Komissiyanın üzvləri arasında AMEA-nın Terminologiya Komissiyasının sədri müavini olan Sayalı Sadıqova, AMEA-nın müxbir üzvləri Kamal Abdulla, Tofiq Hacıyev, Nizami Cəfərov, Ağamusa Axundov, “Elm” nəşriyyatının direktoru Şirindil Alışanov, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru Nağıyev və s. adları var. Komissiyanın sədr müavinləri hələ müəyyənləşdirilməyib.
Sadıqova deyib ki, komissiyanın əsas fəaliyyət istiqamətləri müxtəlif sahələr üzrə terminoloji lüğətlər nəşr etmək, KİV-lərdə, dərsliklərdə terminlərin istifadəsinə nəzarət etmək və terminologiyanın nəzəri problemləri ilə bağlı tədqiqatlar keçirməkdir.
Sadıqova deyib ki, yeni tərkibli komissiyanın terminoloji mühitə nəzarət məqsədilə monitorinqlərə gələn ilin yanvar ayından başlayacağı gözlənilir.
“İlk növbədə müxtəlif sahələr üzrə bölmələr təşkil olunacaq. Bölmələr təşkil olunduqdan sonra monitorinq qrupu, işçi qrupu, məsul katib müəyyənləşəcək və bundan sonra komissiya işə başlayacaq”, – komissiya üzvü əlavə edib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO