Azərbaycan Təhsil Nazirliyi ölkədə yaşı 100 və 100-dən çox olan və hazırda fəaliyyət göstərən orta məktəblərin siyahısını hazırlayır. Bu barədə çərşənbə günü Trend-ə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, siyahının hazırlanmasında məqsəd həmin məktəblərin tarixini öyrənmək və onların yubileyini qeyd etməkdir. Ölkə üzrə belə məktəblərin siyahısına hələlik 60-dan çox məktəb daxil edilib.
Nazirlikdən deyilib ki, Şəkidə yaşı 100-dən çox olan məktəblər daha çoxdur. Şəki şəhər 5 saylı orta məktəb 1831-ci (Azərbaycanın dahi mütəfəkkiri Mirzə Fətəli Axundov həmin məktəbdə təhsil alıb), rayonun Qoxmuq kənd məktəbi 1839-cu, Baş Göynük kənd məktəbi 1884-cü, Şəki şəhər 1 saylı orta məktəb 1897-ci, Daşbulaq kənd ümumi orta məktəbi 1899-cu, Baş Küngüt kənd orta məktəbi 1900-cü ildən fəaliyyət göstərir.
Siyahıya 1888-ci ildə Lahıc xeyriyyəçiləri tərəfindən yaradılmış İsmayıllı rayonun Lahıc qəsəbəsi tam orta məktəbi, İsmayıllıda 1881-ci ildə yaradılmış İvanovka kənd məktəbi, 1887-ci ildə yaradılmış Basqal kənd məktəbi, 1881-ci ildə yaradılmış İsmayıllı şəhər 2 saylı orta məktəbi də daxil edilib.
Siyahıda eyni zamanda, Neftçala rayonun Xıllı qəsəbəsi tam orta məktəbi (1897-ci il), Saatlı rayonun Əlisultanlı kənd tam orta məktəb (1904-cu il ), Cəlilabad rayon Alar kənd Heydər Əliyev adına 1 nömrəli orta məktəb (1928), rus tatar məktəbi kimi fəaliyyət başlamış Astara şəhər 1 saylı orta məktəb (1904-ci il), Astara rayon Pensər kənd 2 saylı orta məktəb, Şuşa şəhər 1 saylı məktəb (1830-cu il), Şuşa rayonu Malıbəyli kənd 1 saylı orta məktəb (1830-cu il), Bərdə rayonu Ləmbəran kənd tam orta məktəb (1883-cü il), Bərdə rayonu Alpoud kənd orta məktəb (1883-cü il), Bərdə şəhər 2 saylı tam orta məktəb (1883-cü il), Ağdaş şəhər 3 saylı məktəb (1882-ci il), Quba şəhər 4 saylı orta məktəb (1896-cı il), Quba rayonu Rustov kənd orta məktəbi (1904-cü il), Alpan kənd orta məktəbi (1910-cu il), Xaltan kənd orta məktəbi (1904-cü il) s. məktəblərin adları yer alıb.
Bu məktəblərin bəzilərinin binaları bərpa edilib və onlar yarandıqları ildən indiyədək bir binada fəaliyyət göstəriblər. Bəzi məktəblər üçün isə yeni binalar inşa edilib.
Trend.az