İclasda seçkilərin nəticələrinin müəyyən edilməsi məsələsinə baxılacaq və sənədlər Konstitusiya Məhkəməsinə göndəriləcək
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) prezident seçkilərinin nəticələri ilə bağlı yekun iclası keçiriləcək. MSK-dan ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 15.00-də başlayacaq iclasda Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin müəyyən edilməsi məsələsinə baxılacaq. İclasda prezident seçkilərinin yekun protokolu təsdiqlənəcək və sənədlər Konstitusiya Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, bu il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri ilə bağlı Dairə Seçki Komissiyalarının əksəriyyətindən yekun protokol oktyabrın 17-də Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Seçki Məcəlləsinin 203.1-ci maddəsinə uyğun olaraq ən gec 10 gün müddətinə MSK seçkilərin nəticələrinə yekun vuraraq, Konstitusiya Məhkəməsinə göndərməlidir. Konstitusiya Məhkəməsi isə qanunvericiliyin tələbinə görə, səsvermədən sonra ən gec 14 gün müddətinə seçkilərin nəticələrini elan etməlidir. MSK-nın elan etdiyi ilkin nəticələrə görə, oktyabrın 15-də keçirilmiş seçkilərdə İlham Əliyev seçicilərin 88,73 faizinin səsini alaraq,qalib gəlib.