Avropa Parlamenti (AP) nümayəndə heyətinin 27 oktyabr-2 noyabr tarixlərində İrana planlaşdırılan səfəri təxirə salınıb. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb avroparlamentarilərin Avropa Parlamenti tərəfindən Saxarov adına beynəlxalq insan haqları mükafatına layiq görülmüş, hazırda Tehranın Evin həbsxanasında saxlanılan iranlı rejissor, ssenarist və prodüser Cəfər Pənahi və iranlı insan haqları müdafiəçisi Nəsrin Sütudəni ziyarət etməsinə və mükafatın zindanda onlara təqdim olunmasına icazə verilməməsidir.
İran parlamenti sədrinin məsləhətçisi Hüseyn Şeyxülislami isə bildirib ki, AP nümayəndə heyətinin İrana səfər etmək üçün ön şərt irəli sürməsi qəbul olunmazdır: “Bu, İranın xarici siyasətinə ziddir. Ona görə də avroparlamentarilərin müraciətini rədd etdik”.
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Əlaəddin Burucerdi isə Avropa Parlamentinin yəhudi lobbisinin təzyiqləri qarşısında müstəqilliyindən məhrum olduğunu deyib: “Bu səfər avropalıların istəyinə əsasən planlaşdırılmışdı və əvvəldən İranın bu sahədə ön şərt qəbul etməyəcəyi bildirilmişdi. İranlı bir məhbusa mükafat verilməsi məsələsi bu səfərin ləğvi üçün bəhanədir. Nümayəndə heyəti İrana gəlməmək barədə qərarı yəhudi lobbisinin istəyi ilə verib. Bu da Avropa Parlamentinin azad və müstəqil olmadığını göstərir”.
İran parlamentinin Araşdırma Mərkəzinin rəhbəri, İran-Avropa parlamentlərarası dostluq qrupunun həmsədri Kazım Cəlalı AP nümayəndə heyətinin İrana səfərinin ləğv edilməsinə görə qurumun özünün məsuliyyət daşıdığını vurğulayıb: “Bu səfər qarşı tərəfin təklifinə əsasən planlaşdırılmışdı. Ona görə də Avropa Parlamenti özü məsuliyyət daşıyır. İran parlamenti səfərin reallaşması üçün lazımi hazırlıq görmüşdü. Təəssüf ki, Avropa Parlamenti bəzi tələblər irəli sürərək səfərin həyata keçirilməsinin qarşısını aldı. AP nümayəndə heyətinin ölkəmizin daxili işlərinə qarışması, məntiqsiz tələblər irəli sürməsi və İran məhkəmələri tərəfindən mühakimə olunan məhkumlara mükafat vermək bəhanəsi ilə siyasi təbliğat aparması niyyəti qəbuledilməzdir”.
Qeyd edək ki, Avropa Parlamentindəki Avropa-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Taria Korenbergin başçılıq edəcəyi 15 nəfərlik nümayəndə heyətinin səfər çərçivəsində İranın bir sıra rəsmiləri, deputatları ilə görüşləri gözlənilirdi.
Görüşlərdə İrana qarşı tətbiq edilmiş sanksiyalar, bu ölkədə baş verən insan haqları pozuntuları əsas müzakirə mövzusu olmalı idi.
Apa.az