Azərbaycan Parlamentinin deputatları reklamlardakı səhvlərə görə cərimələrin artırılmasını təklif edirlər

Reklamlarda Azərbaycan dilinin qaydalarının pozulmasına görə cərimə sanksiyalarının artırılması təklif olunur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Azay Quliyev çərşənbə axşamı Trend-ə bildirib ki, hazırda reklam çarxlarında, banerlərdə Azərbaycan dilinin qaydalarının kobud şəkildə pozulması hallarına rast gəlinir. O qeyd edib ki, Azərbaycan dilinin qaydaları bir sıra hallarda pozulur və bununla bağlı qanunvericilikdə təsbit olunmuş müəyyən maddələr, görünür, yetərli deyil. Deputat bu qaydaları pozan şəxslərə qarşı inzibati tədbirlərin gücləndirilməsini, cərimə sanksiyalarının artırılmasını vacib hesab edir.
“Biz, ilk növbədə, dilimizin ahəngliyinə fikir verməliyik, onun qaydalarını qorumalıyıq. Bunu pozanlara qarşı ciddi tədbirlər görməliyik, bu da indiki halda cərimələrin artırılmasında özünü göstərir”, – Quliyev deyib.
Millət vəkili qeyd edib ki, bu il hazırlığına başlanılan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul olunandan sonra qanunvericiliyə dəyişikliklər etmək olar.
“Dövlət Proqramında bütün məsələlər öz əksini tapsın, tələblər göstərilsin və sonra da qanunvericilikdə göstərilsin ki, bu qaydalara riayət etməyən şəxslərə qarşı hansı tədbirlər həyata keçiriləcək”, – o qeyd edib.
Millət vəkili, həmçinin bildirib ki, bu məsələ təkcə qanunvericiliklə həll olunmalı deyil, eyni zamanda QHT-lər, KİV-lər Azərbaycan dilinin təhrif olunması ilə bağlı məsələləri ictimai qınaq obyektinə çevirməlidir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov isə Trend-ə bildirib ki, Azərbaycanda yerli icra hakimiyyəti orqanları küçə reklamlarının yazılışına laqeydlik nümayiş etdirirlər.
O qeyd edib ki, Azərbaycanda böyük reklam bazarı var, yerli icra hakimiyyəti orqanları da şəhərdə yerləşdirilən reklamlarla bağlı məsələləri tənzimləyir, reklamların mətnlərinin Azərbaycan dilinin qaydalarına uyğunluğunu yoxlayır.
“İcra hakimiyyəti güclü bir qurumdur. Necə olur ki, hansısa evdə qanundan kənar bir şiferin, daşın qoyulmasını həmin gün müəyyən edirlər, lakin şəhərin mərkəzində yerləşdirilən reklamda yol verilən hərf səhvlərini görmürlər?”, – Cəfərov bildirib.
Komitə sədri qeyd edib ki, reklamların dilinin yoxlanılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu və Reklamçılar İttifaqı qarşısında məsələ qaldıra bilər.
Qeyd edək ki, Prezident İlham Əliyev 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncam imzalayıb. Dövlət proqramını hazırlayan işçi qrupu artıq tədbirlər planını yekunlaşdıraraq onu mütəxəssislərə göndərib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO