Azərbaycanda mədəniyyət sahəsində dövlət reyestri aparılacaq

Azərbaycanda mədəniyyət sahəsində dövlət reyestri aparılacaq. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin cümə günü keçirilən iclasında ikinci oxunuş üçün müzakirəyə çıxarılan “Mədəniyyət haqqında” qanun layihəsində qeyd olunub. Bu dövlət reyestri sistemi müxtəlif reyestrlər, kataloqlar, uçot sistemləri, dövlət mədəniyyət əmlakının siyahıları, qeydiyyat sistemlərindən ibarətdir.
Komitə sədri Nizami Cəfərov iclasda bildirib ki, son 10 ildə Azərbaycan mədəniyyətində köklü dəyişikliklər baş verib, yaradıcı təşkilatların spesifikası dəyişib, xeyli yaradıcılıq uğurları əldə olunub. “Bu, qanunvericilik sahəsində də əsaslı dəyişiklik etməyə vadar edir”, – o deyib.
Cəfərov bildirib ki, birinci oxunuşda təqdim olunan layihə kifayət qədər mükəmməl deyildi, lakin 2-ci oxunuş üçün təqdim olunan qanun layihəsi kifyət qədər təkmildir.
Qanun ölkədə mədəniyyət və incəsənət sərvətlərinin yaradılması, qorunması, dirçəlişi, infkişafı və yayılması sahəsində yaranan münasibətləri tənzimləyir. Qanun eyni zamanda mədəniyyət sahəsində insan hüquq və azadlıqlarını təmin edir, bu sahədə hüquqi, təşkilati, iqtisadi və sosial təminatları, mədəniyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini müəyyən edir. Sənəd 12 fəsil 69 maddədən ibarətdir. Cəfərov bildirib ki, layihə birinci oxunuşdan fərqli olaraq, ciddi dəyişikliklə işlənib: “Əgər ilk layihədə qanun 9 fəsil 44 maddədən ibarət idisə, ikinci oxunuşda daha təkmil işlənmədən sonra daha geniş spektri əhatə edib”.
Həmçinin qanun layihəsində mədəniyyət sahəsində dövlət monitorinqinin aparılması öz əksini tapıb. Monitorinqlər mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin və mövcud boşluqların müəyyən edilməsi, eləcə də gələcək siyasət istiqamətlərinin və mədəniyyət siyasəti tədbirlərinin müəyyən edilməsi məqsədilə həyata keçirilir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO