Türkiyənin məcburi endirdiyi Suriya təyyarəsində hansı yükün olduğu açıqlanıb

Ankarada məcburi endirilmiş “Syrian Air” aviaşirkətinə məxsus təyyarədə Hava Hücumundan Müdafiə sistemlərinin radiolokasiya stansiyaları üçün texniki elementlər olub. APA-nın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, bu növ yük xüsusi sənədləşmə tələb etmir və təyyarə üçün təhlükə törətmir: “Ona görə də bu yükün daşınması beynəlxalq qanunvericiliyi pozmayıb”.
Bununla belə, Rusiya Federal Təhlükəsizlik Xidməti müvafiq qurumlarda informasiya sızması ilə bağlı xidməti yoxlama aparacaq: “Türkiyə hakimiyyət orqanları böyük ehtimalla təyyarədə olan yük barədə məlumatlı olub. Əks halda, mülki təyyarəni məcburi endirmək riskinə getməzdilər”.
Qeyd edək ki, oktyabrın 10-da Rusiyanın “Vnukovo” hava limanından qalxan Suriyaya məxsus “Airbus A320” sərnişin təyyarəsini havaya qalxan iki türk qırıcısı Ankarada məcburi endirib. Təyyarədə “döyüş sursatları ilə dolu” olan qutular aşkarlanaraq müsadirə olunub, təyyarə isə yoluna davam edib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qutularda Rusiya istehsalı olan və Suriya Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş hərbi sursatın olduğunu bəyan edib. Suriya Xarici İşlər Nazirliyi isə bunu təkzib edərək, Ankaradan yükün qaytarılmasını tələb edib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO