BMT: Dünyada təxminən 70 milyon gənc qadın 18 yaşına çatmamış ailə qurub

Dünyada 20-24 yaş arası hər üç qadından biri – təxminən 70 milyon gənc qadın 18 yaşına çatmamış ailə qurub. Trend-in məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun Beynəlxalq Qız Övladı Günü münasibətilə dünya dövlətlərinə müraciətində deyilir. Müraciətdə qeyd olunur ki, son 30 ildə azyaşlı gəlinlərin ümumi sayının azalmasına baxmayaraq, bu çətin vəziyyət xüsusən də kənd yerlərində və ən yoxsul şəraitdə yaşayan insanlar arasında hələ də davam etməkdədir.
Erkən nikah qızları imkanlardan məhrum edir. Bu onların sağlamlığını təhlükəyə atır, zorakılıq və sui-istifadəyə imkan yaradır, erkən və arzuolunmayan hamiləliklə – bir sözlə, həyat üçün təhlükəli risklərlə nəticələnir. Əgər ananın yaşı 18-dən azdırsa, onun körpəsinin 1 yaşına çatmamış tələf olması ehtimalı yaşı 19-dan yuxarı olan anaların körpələri ilə müqayisədə 60 faiz daha çoxdur.
Yer üzərində hər gün qızlar ayrı-seçkilik, zorakılıq və sui-istifadə halları ilə üzləşirlər. Bu həyəcan doğuran gerçəklik qızlara daha çox səlahiyyətlərin verilməsinin və onların insan haqlarının təmin olunmasının vacibliyini vurğulamaq məqsədi daşıyan yeni qlobal Beynəlxalq Qız Övladı Gününə əsas yaradır.
Qızlara sərmayə qoyulması mənəvi borcdur – fundamental ədalət və bərabərlik məsələsidir, həmçinin, “Qadınlara qarşı bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyalara əsasən bir öhdəlikdir. Bu həm də Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqda, iqtisadi artımda tərəqqi, dinc və yekdil cəmiyyətlərin qurulması yolunda mühüm rol oynayır.
Qızların təhsil alması onların erkən nikahdan qorunması üçün ən yaxşı strategiyalardan biridir. Qızlar məktəbdə öz təhsillərinə davam etdikləri və erkən yaşlarında ailə qurmadıqları zaman, onlar özləri və ailələri üçün daha yaxşı həyatın təməlini qoya bilərlər. Əgər onlar artıq erkən yaşlarında ailə qurmuşlarsa, təhsil əldə etmək, iqtisadi imkanlar və İİV-in qarşısının alınması, seksual və reproduktiv sağlamlıq daxil olmaqla səhiyyə xidmətləri onların həyatlarını zənginləşdirməyə və gələcəklərini möhkəmləndirməyə yardım edəcək.
“Mən hökumətləri, icma və din xadimlərini, vətəndaş cəmiyyətini, özəl sektor və ailələri – xüsusən də kişi və oğlanları qızların hüquqlarını, aidiyyəti olan Konvensiyalar, Pekin Bəyannaməsi və Fəaliyyət Platforması, Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramı da daxil olmaqla, müxtəlif vasitələrlə təbliğ etməyə səsləyirəm. Gəlin builki Beynəlxalq Qız Övladı Gününün mövzusu olan “mənim həyatım, mənim haqqım, erkən nikaha son” fikrini əsas tutaraq qızların gəlin deyil, qız olması uğrunda əlimizdən gələni əsirgəməyək”, – Pan Gi Mun müraciətində bildirib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO