Trend-in məlumatına görə, oktyabrın 4-5-də keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçıları Birləşmiş Millətlər Təşkilatının “Minillik Bəyannaməsi”ni rəhbər tutaraq, qloballaşma prosesinə ədalətli xarakter verilməsinin vacibliyini qəbul edərək siyasi və elmi elitanı, nüfuzlu beynəlxalq strukturları dinamik qloballaşan cəmiyyətdə humanitar problemlərə xüsusi diqqət yetirməyə çağırır. Forum iştirakçıları müasir dövrdə elmin və texnikanın tərəqqisinin insanı, cəmiyyəti və bütövlükdə sivilizasiyanı dərin dəyişikliklərə məruz qoyduğunu qeyd edir, iqtisadi inkişafın humanitar aspektləri, konvergent texnologiyalar və gələcəyin konturları, müasir kütləvi informasiya vasitələri və yeni çağırışlar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi, XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar, müasir səhiyyəyə baxışları dəyişən texnologiyalar və molekulyar biologiya, multikulturalizm və mədəni özünüdərk -cəmiyyətin həyatında multikulturalizm kimi humanitar problemlərin nəzərdən keçirilməsinin vacibliyini vurğulayırlar.
Bəyannamədə deyilir ki, dayanıqlı iqtisadi inkişafın insan kapitalının yeni keyfiyyətlərini tələb etməsi və bütövlükdə insan amilini nəzərə almadan onun gerçəkləşdirilməsinin qeyri-mümkünlüyünü dərk edir.
“Bugünkü texnologiyalar nəinki dünya siyasətini, cəmiyyətləri, milli mədəniyyətləri, hətta insan fenomeninin özünü belə köklü şəkildə dəyişmək iqtidarındadır. Müasir cəmiyyətin həyatında kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin rolunun getdikcə artması ilə bağlı meydana çıxan problemlərə yeni yanaşmalar tələb olunur. Yaranmış şəraitdə mədəniyyət hər bir insan üçün və bütövlükdə bəşəriyyət üçün taleyüklü əhəmiyyət kəsb edir. Postmodern dövrünə xas yeni mədəni kontekstin ənənəvi dəyərləri, stereotipləri və yanaşmaları alt-üst etməsi yaşadığımız zamanın xüsusiyyətlərindən birinə çevrilib. Qloballaşmanın yeni-yeni aspektləri, onların ictimai və sosial-mədəni proseslərə təsiri nəzərə alınmalı, müasir təbabətə və molekulyar biologiyaya baxışları dəyişən bio-, nano-, info- və digər texnologiyalar yeni humanitar etikanın formalaşdırılması məsələsini son dərəcə aktuallaşdırır”, – sənəddə deyilir.
Forum iştirakçıları qloballaşma şəraitində multikulturalizm konsepsiyasına yeni həyat verilməsini zəruri hesab edir və onun mədəni müxtəlifliyin, mədəniyyətlərarası dialoqun formalaşması üçün ən sanballı vasitə olduğunu qəbul edirlər.
“Forumda qloballaşma proseslərinin nəticəsi olaraq yaranan, elmin, texnikanın inkişafı və informasiya cəmiyyətinin bərqərar olması ilə meydana çıxan çox sayda humanitar problemlərlə bağlı aparılmış müzakirələrin yüksək dərəcədə səmərəli olduğunu vurğulayırıq və Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində aparılmış hərtərəfli və müxtəlif səviyyəli dialoqun zamanımızın aktual çağırışlarına adekvat olduğunu düşünürük. Həmçinin multikulturalizm konsepsiyasına yeni yanaşmanın və onun müasir cəmiyyətdə getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyir, dövlət siyasətinin tərkib hissəsi kimi multikulturalizmin imkanlarından istifadənin vacibliyini və onun həm müxtəlif mədəniyyətlərin inkişafı, həm də bütün bəşəriyyətin əldə etdiyi mədəni nailiyyətlərin qorunması və zənginləşməsində əhəmiyyətini qeyd edirik; multikulturalizm problemlərinin fəlsəfi və etik aspektlərinin bundan sonra tədqiqinin ksenofobiya, irqçilik və dözümsüzlüyün qarşısını almaq üçün kütləvi informasiya vasitələrində lazımınca işıqlandırılmasının vacibliyinə xüsusi diqqət yetiririk”, – bəyannamədə deyilir.
Forum iştirakçıları dünya ictimaiyyətini, siyasətçiləri və alimləri Azərbaycanın dünyada multikulturalizm problemlərinin tədqiqi üzrə xüsusi mərkəzin yaradılması ilə bağlı təşəbbüsünü hamılıqla müdafiə etməyə çağırır, dünyanın müxtəlif regionlarında getdikcə artan qarşıdurma meyilləri ilə yanaşı, əməkdaşlığa və qarşılıqlı anlaşmaya zəmin yaradan hazırkı proseslərin universitetlərdə, elmlər akademiyalarında və ayrı-ayrı fondlarda elmi fəaliyyətin diqqət mərkəzində dayanmalı olduğunu düşünür.
“Hər bir cəmiyyətin ənənəvi xüsusiyyətlərini nəzərə alaraq onun inkişaf prosesinin özünəməxsusluğunu və müxtəlifliyini dərk edirik; tarixdə analoqu olmayan fenomen kimi informasiyanın formalaşması və yayılması prosesində yeni texnologiyaların və sosial şəbəkələrin rolunun artmasını etiraf edirik; beynəlxalq qurumları və müxtəlif humanitar təşkilatları dövlətlər, vətəndaş cəmiyyətləri və konfessiyalar arasında tolerantlıq mühiti yaratmağa və sivilizasiyalararası münaqişələrin qarşısını almağa xidmət edən əsl mədəniyyətlərarası dialoqun gerçəkləşdirilməsi məqsədi ilə forumlar, konfranslar, müzakirələr və dəyirmi masaların təşkilinə davamlı olaraq təşəbbüs göstərməyə çağırırıq”, – sənəddə deyilir.
Bu kimi forumların hər il keçirilməsinin zəruriliyinə əminlik ifadə edən tədbir iştirakçıları Azərbaycan Prezidentinə və hökumətinə, Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına bu günlərdə Bakını humanitar problemlərin müzakirəsi mərkəzinə çevirən belə mötəbər tədbiri keçirdiklərinə görə dərin minnətdarlıq bildirirlər, bu Bəyannamənin qəbul edilməsini və beynəlxalq humanitar əməkdaşlığın inkişafı istiqamətində istifadə olunmasını vacib sayırlar.
Trend.az