Prezident İlham Əliyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın verdiyi xəbərə görə, sənəddə deyilir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları bu iki Milli Fəaliyyət Planlarında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il yanvarın 15-dək Azərbaycanın Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlarını təqdim etsinlər.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, Fəaliyyət Planlarının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim etsinlər.
Azərbaycan Nazirlər Kabineti və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tapşırıb ki, Fəaliyyət Planlarının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan prezidentinə məlumat təqdim etsinlər.
Azərbaycanın Hesablama Palatasına, Baş Prokurorluğuna, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, Azərbaycan məhkəmələrinə, yerli özünüidarə orqanlarına tövsiyə edilib ki, Fəaliyyət Planlarında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilib ki, Fəaliyyət Planlarının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarını cəlb etsin və Fəaliyyət Planlarının icrası üzrə görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat versin.
Azərbaycan Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Apa.az